Dünya

Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər


Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji verilənlər bazasından və böyükhəcmli məlumat analizindən istifadə edərək vizual stimulların – məsələn, parlaqlıq və kontrast kimi xüsusiyyətlərin – gözün görmə sahəsindəki lokal nöqtələrə uyğun şəkildə fərqli neyron dövrlərində spesifik salınım (rəqs) fəaliyyətləri yaratdığını aşkarlayıblar.

Professor L.Busse nin sözlərinə görə, artıq 1960-cı illərdən – Hubel və Vizelin Nobel mükafatlı işlərindən bəri məlumdur ki, görmə qabığının xüsusi modullarındakı neyronlar vizual stimulların izolyasiya olunmuş xüsusiyyətlərinə cavab verir. Bununla belə, beynin təbii video axınını necə vahid bir qavrayışa çevirdiyi hələ də tam anlaşılmayıb.

Yeni araşdırmanın nəticələri göstərir ki, minlərlə neyronun bir-biri ilə koordinasiyalı şəkildə “oynadığı” bu neyron salınım simfoniyası, beyində kompleks vizual qavrayışın yaranmasına səbəb olan talamo-kortikal dövrələrin tezlik, yer və təbəqə baxımından sinxron fəaliyyətinə əsaslanır. Bu simfoniya beyinə yalnız məlumat emal etməyə deyil, həm də əlaqəli və tutarlı vizual dünya yaratmağa imkan verir. Professor Anton Sirota qeyd edir ki, bu tədqiqat təbii görməni başa düşmək yolunda irəliyə doğru böyük bir addımdır. Professor L.Busse isə əlavə edir ki, bu nəticələr gələcəkdə birbaşa beyindən vizual axının oxunması və ya görmə qabiliyyətinin neyroprotezlərlə bərpası kimi beyin-kompüter interfeyslərinin inkişafı üçün əsas baza rolunu oynaya bilər. Bu iş vizual emalın neyron səviyyəsində orkestrləşdirilməsini daha dərindən anlamaqla sinir elmlərində yeni tədqiqat istiqamətlərinə yol açır.