Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
“Ukrayna qanuni olaraq heç bir müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın ərazisi kimi tanımayacaq və bu mövqe dəyişməz olaraq qalır. Ölkənin NATO-ya daxil olması isə Alyansın bütün üzvlərinin dəstəyindən asılıdır”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
“ABŞ Prezidentinin bəyanatını ətraflı şərh etmək istəməzdim. Bizim mövqeyimiz dəyişməzdir – hansı ərazilərin Ukraynaya aid olduğuna yalnız Ukrayna xalqının qərar vermək hüququ var. Ukrayna Konstitusiyasında isə deyilir ki, bütün müvəqqəti işğal olunmuş ərazilər müvəqqəti işğal olunub, onların hamısı Ukraynaya məxsusdur”, – deyə Zelenski bildirib.
Prezidentin fikrincə bu, tamamilə ədalətli mövqedir və beynəlxalq hüquq baxımından qanunidir.
“Dünya bu işdə bizi dəstəkləyir. Hətta bizimlə Rusiya arasında daim balans saxlayan ölkələr belə Ukraynanın, o cümlədən Krım yarımadasının ərazi bütövlüyünü və suverenliyini tanıyırlar”, – deyə Prezident qeyd edib.
Zelenski əlavə edib ki, Ukrayna komandası avropalı həmkarları ilə birlikdə Londonda öz mövqelərini ifadə edib.
“Mənə elə gəlir ki, bizim NATO ilə bağlı mövqeyimiz balanslaşdırılmış və aydındır. Təəssüf ki, bu, müttəfiqlərin dəstəyindən asılıdır. Əgər bütün NATO üzvlərindən dəstək olarsa, o zaman tərəfdaşların razılaşdığı və ya razılaşmadığı addıma keçə bilərik”, – deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, bu gün biz praqmatik olmalı və başa düşməliyik ki, Ukraynaya lazım olan təhlükəsizlik zəmanətləri var.
Zelenski bildirib ki, Londonda ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirə olunan məsələlər var.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında imzalanan sülh sazişi çərçivəsində Krımın Rusiya kimi tanınacağını açıqlamışdı. Onun sözlərinə görə, Prezident Volodimir Zelenski bunu başa düşür.
Tramp Ukraynanın NATO-ya üzv olmaq istəyindən də danışıb.
“Düşünürəm ki, Ukrayna nə vaxtsa NATO-ya üzv ola biləcək. Məncə, müharibə Ukrayna NATO-ya daxil olmaq haqqında müzakirə aparanda başladı”, – deyə Tramp vurğulayıb.