İlham Əliyevin müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq yaşanıb
Prezident İlham Əliyevin Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı Azərbaycan çayı barədə aparıcı ilə maraqlı dialoq yaşanıb. SİA həmin dialoqu təqdim edir:
– Bilirsiniz, cənab Prezident, biz danışırıq və mən sanki susamışam, yanımızda çay var.
– Bilirəm nəyi nəzərdə tutursunuz.
– Bayaqdan ona baxıram. Sizin şərəfinizə.
– Sizin şərəfinizə.
– Həqiqətən də ləzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram.
– Doğrudan?
– Bəli. Stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm.
– Bəli, bu, milli stəkandır. Bilirsiniz, onun forması, zənnimcə, armuda bənzəyir. Beləliklə, stəkanın forması, əslində, çayın isti qalması üçün nəzərdə tutulub, çünki adətən biz çayı çox qaynar içirik.
– Çox qaynar, anladım.
– Beləliklə, çay soyumur. Stəkanın bu forması aşağı hissəni qaynar saxlayır.
– Anladım. Əlbəttə ki, bu forma dada əlavə rəng qatır.
– Lakin mən Çində çayın o qədər də qaynar verilmədiyini görmüşəm. Bu, elədir?
– Bizdə də çay çox qaynar verilir. Ola bilsin ki, Siz qonaq olduğunuz üçün onlar Sizə zərər dəyməsin deyə çayı qaynar vermirlər. Çünki çox nəzakətli və ehtiyatlı davranırlar. Lakin çay nöqteyi-nəzərindən bizim çoxlu oxşarlıqlarımız var. Məsələn, hamımız çay içməyi sevirik, lakin fərqli bir təamlarla. Bu da bizi bir çox məsələlərə gətirib çıxarır. Bilirsiniz, Qədim İpək Yolu, məsələn, mən onun haqqında danışa bilərəm. Ya da biz xalqlararası mübadilələr, turizm haqqında danışa bilərik. Bilirəm ki, ölkəniz artıq bir ildir ki, birtərəfli olaraq çinli turistləri viza almaq tələbindən azad edib. İndi isə bu səfərdə bizimlə ən son xəbərləri paylaşmaq istərdinizmi?
– Bəli, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi.