Siyasət

İspaniyanın Gernika şəhərində dini liderlərin iştirakı ilə beynəlxalq tədbir keçirilib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə MT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə İspaniyada “BMT Sivilizasiyalar Alyansı”nın və “Dinlər Sülh Uğrunda Hərəkat”ın “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa hörmət üçün çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib.

İdarənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Allahşükür Paşazadə ən böyük dəyər olan insan həyatının xilası naminə dünyanın beynəlxalq hüquq normaları və ümumbəşəri mənəvi dəyərlər, ənənəvi dini-əxlaqi prinsiplər üzərində bərqərar olmasının vacibliyini vurğulayıb.

QMİ-nin sədri bildirib ki, dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən, Prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməyi Azərbaycanın dünyada sülh və birgə yaşamaq amallarına xidmət etdiyini göstərir: “Beynəlxalq hüquq normaları, BMT-nin məlum qətnamələri çərçivəsində hərbi təcavüzə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan 30 il ərzində müharibə cinayətlərinə, işğal, soyqırımı, vandalizm, urbisid, ekosid və kultursidə məruz qalmışdı. Bu gün Azərbaycan dövləti azad olunmuş ərazilərdə mədəni-mənəvi irsimizi dirçəldir, azad olunmuş torpaqlarımıza yeni həyat verir, dinc quruculuq işləri və bölgədə real sülh işi ilə məşğul olur”.

Aprelin 26-da Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə anım tədbirinin keçirilməsinin də məqsədi də sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir. Allahşükür Paşazadə çıxışında mühüm məqamlara toxunub.

Sonra QMİ-nin sədri BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos və Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria ilə birlikdə Gernika qurbanlarının xatirəsinə rəsmi əklilqoyma mərasimində iştirak edib.

Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdə isə dini mərkəzlə BMT qurumu arasında qarşılıqlı əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

Allahşükür Paşazadə Gernika-Lumo meri Xose Mari Qorrono, yerli hökümət rəsmiləri, Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria, hərəkatın həmsədri – Bosniya-Hersoqovina Müsəlman icmasının başçısı, Sarayevo Müftisi Nedjad Grabus ilə görüşüb, səmərəli fikir mübadiləsi aparıb.