Dünya

Süni intellektin görünməmiş riskləri barədə xəbərdarlıq…


…Süni intellekt texnologiyaları nəhəng imkanlar təqdim etməklə yanaşı, eyni zamanda görünməmiş risklər və problemlər də daşıyır.

SİA-nın məlumatına görə, RİA Novosti ölkənin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.

Onun sözlərinə görə, süni intellekt insanın həyat tərzini, eləcə də istehsal prinsiplərini kökündən dəyişəcək.

Çin lideri həmçinin süni intellekt texnologiyaları və etik məsələlərlə bağlı müvafiq qanun və qaydaların sürətlə işlənib hazırlanması və təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Bundan əlavə, Si Cinpin texnologiyanın monitorinqi, risklərin müəyyən edilməsi, fövqəladə hallara cavab verilməsi və süni intellektin təhlükəsizliyinin təmin edilməsi üçün sistemin yaradılmasını vacib adlandırıb.

Çin prezidenti həmçinin Çinin süni intellekt sahəsində təşəbbüsü ələ keçirmək qabiliyyətindən danışıb.

Buna nail olmaq üçün Si Cinpin hesab edir ki, çinli tərtibatçılar əsas nəzəriyyələr, metodlar və alətlərdə sıçrayış etməlidirlər.

…Biz fundamental tədqiqatları gücləndirməyə davam etməli, diqqəti yüksək məhsuldar çiplərin, əsas proqram təminatının və digər əsas texnologiyaların mənimsənilməsinə yönəltməli və müstəqil, tənzimlənən və əlaqələndirilmiş süni intellektin əsas proqram və aparat sistemini qurmalıyıq, – o deyib.

Sonda o qeyd edib ki, süni intellekt beynəlxalq və sosial cəhətdən faydalı məhsula çevrilə bilər.

Bu baxımdan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.

…Və “Apple” şirkətinin baş direktoru Tim Kuk Çinin DeepSeek süni intellekt modelini yüksək qiymətləndirib. O, DeepSeek-in süni intellekt modelini əla adlandırıb. Kuk niyə bu qənaətə gəldiyini açıqlamayıb.

Bundan əvvəl Amerikanın OpenAI şirkəti ChatGPT çatbot tərtibatçısı Sem Altman Çin modelinin DeepSeek-in uğurunu şərh edib.

O, Çin şirkətinin məhsulunu ötəcək bir model buraxacağına söz verməklə yanaşı, güclü rəqibin meydana çıxmasının onu ruhlandırdığını bildirib.

Əli Babayev