Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır
“Nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür. Hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əmək haqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əmək haqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və s. məsələlər nəzərdə tutulur”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur: “Əmək və Məşğulluq Alt Sistemi üzərindən əmək müqavilələrinin elektron formada bağlanması prosesi uğurla tətbiq edilir. Hazırda altsistemdə təxminən 1,6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanmışdır ki, bu da mövcud müqavilələrin 87%-ni təşkil edir. Bu altsistem sayəsində bədbəxt hadisələrə dair məlumatlar vahid elektron platformada toplanır və risklər süni intellekt dəstəyi ilə analiz edilir. Bu, əməyin mühafizəsində qabaqlayıcı və proaktiv yanaşmanın əsas komponentlərindən biridir. Sistem imkan verir ki, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta müqavilələri bağlamayan və minimum əməkhaqqı məbləğindən aşağı məbləğdə əməkhaqqı ödəyən işəgötürənləri müəyyən edib onlar barəsində müvafiq maarifləndirmə, xəbərdarlıq və proaktiv nəzarət tədbirləri görək”.