Siyasət

“Aparıcı qurumların eyni gündə Azərbaycana səfər etməsi təsadüfi deyil”


“Ötən gün həm Avropa İttifaqının nümayəndəsi, həm də ATƏT-in Baş katibi Azərbaycana səfər ediblər. Hər iki nümayəndə Azərbaycan Respublikasının Prezidenti və müvafiq dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçiriblər. Bu görüşlərdə müzakirə olunan məsələlərə nəzər saldıqda, Avropanın nüfuzlu qurumlarının Azərbaycanla münasibətlərdə yeni bir siyasi kurs götürdüyü aydın görünür”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Aqil Camal sözlərinə belə davam edib: “ATƏT-in Baş katibi və Avropa İttifaqının təmsilçisi ilə keçirilən müzakirələrdə əsas diqqət iqtisadi sahəyə, xüsusilə enerji və nəqliyyat məsələlərinə yönəlib. Bu isə Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin artdığını bir daha təsdiqləyir.

Qeyd edək ki, son vaxtlar Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında mühüm razılaşmalar əldə olunub. Bu razılaşmalar əsasən enerji daşıyıcılarının nəqli, yaşıl enerjinin Avropaya çatdırılması və tranzit xətlərinin təkmilləşdirilməsinə yönəlib. Həmin marşrutlar isə əsasən Azərbaycan üzərindən keçdiyinə görə, ölkəmizin bu prosesdə rolu getdikcə daha da güclənir.

Məhz bu səbəbdəndir ki, Avropanın aparıcı qurumlarının yüksək səviyyəli rəsmilərinin eyni gündə Azərbaycana səfər etməsi təsadüfi deyil və Mərkəzi Asiya ilə imzalanan razılaşmaların məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu gün Avropa qurumları Azərbaycana münasibətdə daha konstruktiv yanaşma sərgiləyir, hansısa tələblər irəli sürmək əvəzinə, əməkdaşlığa üstünlük verirlər. Xüsusilə də Azərbaycanın regiondakı geostrateji mövqeyi bu əməkdaşlığın əsasını təşkil edir. Azərbaycan da daim Avropa ilə tərəfdaşlıqda iqtisadi və enerji sahələrinin ön planda olmasını arzulayıb. Bu baxımdan bu gün aparılan danışıqların nəticələrinin həm Azərbaycan, həm də Avropa İttifaqı üçün uğurlu olacağı qənaətindəyəm”.

Ayşən Vəli