Turizm

Azərbaycan Ərzurumda İƏT-in Turizm nazirlərinin 6-cı iclasında iştirak edib


Azərbaycan aprelin 25-26-da Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentliyin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İƏT tədbirləri barədə məlumat verib, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi çərçivəsində planlaşdırılan işlərdən bəhs edib.

İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.

Səfər çərçivəsində F.Nağıyev və Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş təşkil olunub. Görüşdə Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub. F.Nağıyev M.N.Ersoyu iyunun 4-6-da Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası”nda iştirak etməyə dəvət edib.

Həmçinin iclas çərçivəsində nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hər bir İƏT üzv dövləti üçün nəzərdə tutulmuş stendlər qarşısında ağacəkmə aksiyası keçirilib.

Bununla yanaşı, İƏT-in üzv dövlətlərinin nümayəndə heyətləri aprelin 26-da “Ağıllı Dünyada Ədalətli Gələcək: Ağıllı İqtisadiyyatlar və Qlobal Bərabərsizlik” mövzusunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və bir çox nazirin iştirakı ilə keçirilən Palandökən İqtisadi Forumunun açılış mərasimində və panel sessiyalarda iştirak edib.