Siyasət

“Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”


“Məlumdur ki, ölkə başçısının Çinin China Global Television Network (CGTN) telekanalına müsahibəsi ilk müsahibə deyildi. Prezident bundan əvvəl də həmin telekanala müsahibələr vermişdi. Çünki CGTN olduqca böyük auditoriyaya malik olan və təkcə Çin ərazisində deyil, dünyanın ayrı-ayrı yerlərində də yayımlanan bir televiziya nəhəngidir. Odur ki, bu kanala müsahibə vermək və ölkəmizin müxtəlif məsələlər baxışlarını və mövqeyini çatdırmaq olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, müsahibə geniş olmaqla özündə Azərbaycan-Çin münasibətlərinin demək olar ki, bütün spektrini əhatə etdi: “Ölkə başçısı hələ keçən il “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalandığını qeyd edərək bu sənədin Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni səhifə açdığını bildirdi.

Həqiqətən də, statistik məlumatlara da baxdıqda görürük ki, həmin dövrdən etibarən Azərbaycan-Çin münasibətləri daha da inkişaf etməyə başladı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. Çin ölkənizin dördüncü böyük ticarət tərəfdaşıdır və əsas idxal mənbəyi qismində çıxış edir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Çində artıq Azərbaycanın 6 ticarət Evi fəaliyyət göstərir. Biznes strukturları arasında əlaqələr inkişf edir. Təqribən on gün əvvəl Çin şirkətləri tərəfindən Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzalanıb.

İndi isə iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın imzalanması, müxtəlif sahələri əhatə edən 20-dən artıq sənədin imzalanması və əldə olunan razılaşmalar onu göstərir ki, münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açılır.

Müsahibədə təbii olaraq ölkələrimizin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirdiyi, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi də xüsusi olaraq qeyd edildi. Məlumdur ki, Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Azərbaycan isə öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini müdafiə edərək “Vahid Çin” prinsipinə dəstəyini ifadə edib. Ölkə başçısı bu məqama xüsusi olaraq toxunaraq Azərbaycanın Tayvanda keçirilmiş qeyri-qanuni seçkiləri açıq şəkildə qınayan ilk ölkələr sırasında olduğumuzu xatırlatdı.

Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyimizi bildirən Azərbaycan Prezidenti, ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyimizi, münasibətlərimizin çox müsbət dinamikaya malik olduğunu qeyd etdi”.

“Müsahibədə, həmçinin iki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq da geniş şəkildə qeyd edildi. Ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində gördüyü işləri və gələcək planları haqqında danışan ölkə başçısı bildirdi ki, artıq imzalanmış və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Onu da qeyd edim ki, Prezidentin Çinə səfəri çərçivəsində bu istiqamətdə bir sıra yeni sənədlər də imzalanıb. 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi, dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu, Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əməkdaşlığın inkişafına böyük təkan verməklə yanaşı ölkəmizin enerji potensialını da gückləndirəcək. Bu isə bizə elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandırmağa imkan verəcək.

Müsahibədə təbii olaraq ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm də xüsusi olaraq vurğulandı. Şübhəsiz ki, bu məqam Azərbaycan ilə Çin arasındakı münasibətlərdə xüsusi yer tutur. Azərbaycanda həyata keçirilən nəqliyyat və infrastruktur layihələri “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsinə mühüm töhfə verdiyi üçün Orta Dəhliz Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilib. Özü də burada yalnız Qərb-Şərq istiqaməti nəzərdə tutulmur – ÇXR-in Sədri Si Cinpinin vurğuladığı kimi, Azərbaycan Şimal-Cənub istiqamətində də vacib rol oynaya bilər. Azərbaycana çatan istənilən malı hər iki istiqamətdə daşımaq mümkündür. Bununla da, həm Qərb dövlətlərinin, həm də Uzaq Şərq ölkələrinin dünyanın müxtəlif regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq imkanı meydana gəlir.

Ümumiyyətlə, onu qeyd edim ki, bu müsahibə təkcə Azərbaycanla Çin arasında mövcud münasibətlərin deyil, eləcə də gələcək perspektivlərin təqdimatı baxımından əhəmiyyətli oldu və geniş auditoriya Azərbaycanın müxtəlif məsələlərə dair mövqeyini ölkənin birinci şəxsinin dilindən eşitmək imkanı əldə etdi” – deyə o, əlavə edib.