“Fərdi məlumatların təhlükəsizliyinə dair tələblər pozulur, şikayətlər var”
“”Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi və görüləcək tədbirlərin proqnozlaşdırılması məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiqi əsas hədəflərdən biri kimi müəyyən edilib”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə müəyyən çətinliklərə artıq rast gəlinir və fərdi məlumatların təhlükəsizliyinə dair tələblərin pozulması halları ilə bağlı Ombudsmana şikayətlər də daxil olmaqdadır: “Süni intellekt tərəfindən qəbul ediləcək qərarlarda qeyri-obyektivliyin və diskriminasiya hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı texniki həllərin tətbiqi də vacibdir. Süni intellektin əvvəlki dövrlərə dair data analitikasına əsaslandığını nəzərə alsaq, gender və yaş ayrı-seçkiliyi hallarının təkrarlanması istisna edilmir. Hesab edirəm ki, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl sektorun birgə əməkdaşlığı çərçivəsində yeni texnologiyalarla bağlı hədəf qrupları üzrə təlimlərin keçirilməsi, təkrar təhsil imkanlarının genişləndirilməsi olduqca vacibdir. Yeni çağırışlardan irəli gələrək Ombudsman, səlahiyyətləri çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətinin monitorinqi, şikayətlərin araşdırılması, maarifləndirmə işinin təşkili, qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə dövlət proqramlarının icrası prosesinin təhlili üzrə fəaliyyətini aidiyyəti qurumlarla əməkdaşlıqda davam etdirəcək”.
S.Əliyeva bildirib ki, beynəlxalq tədqiqatlara əsasən yüksək texnologiyaların tətbiqi ilə bağlı 2030-cu ilə qədər dünya üzrə təxminən 375 milyon insanın yenidən ixtisaslaşmağa və yeni bacarıqlara yiyələnməsinə ehtiyac yaranacaq. Bu da ümumi işçi qüvvəsinin təxminən 14%-ni təşkil edir”.