Sosial

“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri”…


Aprelin 28-də Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmək Məcəlləsindən, bu sahədə ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. “Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur”, – deyə o əlavə edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Hunqbo qeyd edib ki, süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyinin artırılması, risklərin monitorinqinin məhsuldarlığının yüksəldilməsi baxımından geniş imkanlar təklif edir: “Lakin bu texnologiyaların, eyni zamanda, ciddi narahatlıqlar da doğurduğu hər birimizə məlumdur. Dəqiq və etika tələb edən bir tətbiq olmadan işçi nəzarəti və alqoritmik idarəetmə kimi alətlər hüquqları, şəxsi azadlığı və rifahı təhlükə altına ata bilər”.

Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının Baş katibi Luk Triangi videoçıxışında bildirib ki, işçilərin hüquqlarının qorunması ilə bağlı geniş yayılmış tənzimlənmə boşluqları mövcuddur və müəssisələr həmin boşluqlardan istifadə edərək məsuliyyətdən yayınırlar.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib. O vurğulayıb ki, dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən ailələrin sosial rifahını gücləndirmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəsə bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır. Qeyd edib ki, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva çıxışında deyib ki, son illər süni intellektin qlobal səviyyədə inkişafı onun tətbiqi sahələrini daha da genişləndirməklə, bir çox sektorda köklü dəyişikliklərə səbəb olmaqdadır. Qeyd edib ki, rəqəmsallaşma və süni intellekt bir tərəfdən müxtəlif sahələr üzrə əlverişli imkanlar yaratsa da, digər tərəfdən yeni sosial çağırışları da labüd edir. Belə ki, innovativ texnologiyaların istehsalatdan xidmət sahələrinə qədər geniş tətbiqi yeni bilik və bacarıqlara tələbatın artmasına, bəzi peşələrə ehtiyacın aradan qalxmasına, həmçinin iş yerlərində kütləvi ixtisarlara və diskriminasiya hallarına səbəb ola bilər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycanda əhalinin bacarıqlarının təkmilləşdirilməsi, yeni bacarıqların əldə edilməsi və ömürboyu öyrənmənin təşviqi istiqamətində həm dövlət, həm də özəl sektor səylərini birləşdirməli və bu əməkdaşlıq daha da güclənməlidir. O qeyd edib ki, bu yanaşma ölkəmizin yeni reallıqlara əsaslanan dayanıqlı və çevik iqtisadiyyatının formalaşmasına mühüm təkan verəcək. Onun fikrincə, özəl sektor xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır.

Konfransda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqələrinin qaliblərinin təltifolunma mərasimi keçirilib. Müsabiqələrin qalibləri sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi də yer alıb. Bu münasibətlə diplom Agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyevə təqdim olunub.

Daha sonra konfrans “Əməyin mühafizəsi: reallıqlar və trendlər” , “Süni intellekt, rəqəmsallaşma: risklər və imkanlar” mövzusunda panel müzakirələrlə davam edib.

12:12

Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır.

“Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur”, -deyə o bildirib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb.

Konfrans digər çıxışlarla davam edir.