Dünya

Rusiya niyə “Taliban”ı terror təşkilatları siyahısından çıxardı?..





Təbii ki, Rusiyanın burada məqsədləri var…



…Artıq məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Rusiya Ali Məhkəməsi ölkədə “Taliban” hərəkatına qoyulan qadağanı ləğv edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hakim Oleq Nevedov bildirib ki, bu qərar Baş Prokurorluğun təqdimatı əsasında çıxarılıb və dərhal qanuni qüvvəyə minir. Beləliklə, “Taliban” 20 ildən çox qadağadan sonra Moskvada terror təşkilatları siyahısından çıxarılan ilk təşkilat olub.

Qeyd edək ki, bundan əvvəl Dövlət Duması məhkəmə qərarı ilə təşkilatların terror hərəkatları siyahısından çıxarılması mexanizmini təsdiqləyib.

Martın sonunda Baş Prokurorluq “Taliban”ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı Ali Məhkəməyə vəsatət qaldırıb.

Xatırladaq ki, “Taliban” 2003-cü ildə Rusiyada terror təşkilatı elan edilmişdi. 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra hərəkatın hakimiyyətə gəlməsi yeni hökumətin tanınması məsələsini gündəmə gətirib.

2023-cü ilin sentyabrında Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov “Moskva “Taliban”ı mahiyyətcə terror təşkilatı hesab etmir” deyərək, hərəkatın “qlobal cihada can atmayan və öz ideologiyasını qonşu ölkələrə yaymaq niyyətində olmayan təkamül və özünü milli bir təşkilat kimi elan etdiyini” vurğulamışdı.

… 2024-cü ilin mayında Rusiya Xarici İşlər və Ədliyyə nazirlikləri prezident Vladimir Putinə “Taliban”ın qadağan olunmuş qruplar siyahısından çıxarılmasının mümkünlüyü barədə məlumat veriblər.

Xarici işlər naziri Sergey Lavrov deyib ki, “Taliban” Əfqanıstanda “real qüvvədir” və bu, Moskva və onun Mərkəzi Asiyadakı müttəfiqləri üçün vacibdir.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, hərəkatdan terrorçu statusunun çıxarılması “Kabillə tam tərəfdaşlığa yol açır və bu, həm rus, həm də əfqan xalqlarının mənafeyinə uyğun olacaq”.

…Beynəlxalq məsələlər üzrə analitik Sergey Bersanovun fikrincə, Rusiyanın qərarı həm Moskva, həm də Kabil üçün faydalıdır, çünki bu, ticarət-iqtisadi və ola bilsin ki, hərbi əlaqələrə yol açır.

“Əl-Cəzirə”yə şərhində Bersanov qeyd edib ki, hakim Əfqan hərəkatının terrorçular siyahısına salınması uzun illər Kabillə siyasi və iqtisadi əlaqələrin qurulmasına mane olub və indi Moskva Əfqanıstanda və regionda münasibətləri yaxşılaşdırmaq və öz maraqlarını qorumaq istəyini nümayiş etdirir.

…Rusiya Kabilin ən yaxın qonşularından biridir, onlar qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində razılığa gələ bilərlər.

Bunu da Bersanov deyib.

Maraqlıdır, bütün bunlarda Moskvanın məqsədi nədir? Deməli, Mərkəzi Asiya məsələləri üzrə ekspert Sergey Kurtov hesab edir ki, “Taliban”a qoyulan qadağanın aradan qaldırılması Rusiyanın Əfqanıstandakı siyasətinin strateji dalana dirənməsi və Moskvanın nüfuzlu regional qüvvə kimi rolunu gücləndirmək məqsədi daşıyır.

Onun fikrincə, Əfqanıstanda beynəlxalq və regional güclər arasında nüfuz uğrunda səssiz mübarizə gedir.

…Rusiyanın məqsədlərindən biri ABŞ-ın ölkəyə qayıtmasının qarşısını almaq və “yenilənmiş “Taliban””ın Vaşinqtonun vəkilinə çevrilməsinin qarşısını almaqdır.

O, Donald Trampın rəhbərliyi altında “Taliban” və ABŞ arasında məhbusların dəyişdirilməsi və azad edilməsi də daxil olmaqla artan qarşılıqlı əlaqəyə işarə edib.

Digər tərəfdən, Hindistan və Pakistana gedən marşrutlar Əfqanıstandan keçir.

Kurtov Rusiyanın Hind okeanına çıxış əldə etmək üçün “Taliban”la diplomatik əlaqələrin bərpasının vacibliyini vurğulayır.

O, “Əl-Cəzirə”yə verdiyi şərhdə bu yolla Moskvanın dost olmayan dövlətlərdən yan keçərək Asiya ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirməyə davam edə biləcəyini bildirib.

Ona görə də Əfqanıstan Rusiya üçün strateji əhəmiyyət kəsb edir.

Kurtov həmçinin qeyd edib ki, Kreml qadın hüquqları kimi bir sıra məsələlərdə “Taliban”ın mövqeyini bölüşmür, lakin Əfqanıstanın daxili işlərinə qarışmaq niyyətində də deyil və onun suveren hüquqlarını nəzərə alacaq.

…Və bu, gələcəkdə tərəflər arasında gərginliyin qarşısını alacaq..?

Əli Babayev