Strateji tərəfdaşlıq: Azərbaycan-Çin əməkdaşlığı güclənir
Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərdir ki, davam edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Məlumdur ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin sentyabrın 3-də isə Azərbaycan RespublikasınınMilli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Əlbəttə ki, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfəri iki ölkə arasında münasibətlərin təməlini təşkil edir.
Son illərdə AzərbaycanRespublikası ilə Çin Xalq Respublikası arasında strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və yüksələn xətlə inkişaf edir. İkitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı, iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsi bu tərəfdaşlığın nə qədər dərin və perspektivli olduğunu bir daha göstərir.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə güclü təkan verdi. Bu münasibətlər Cənubi Qafqazın və ümumilikdə Avrasiya məkanının geosiyasi və iqtisadi dinamikasında mühüm rol oynamağa davam edir.Səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilmiş, strateji sənədlər imzalanmış və mühüm razılaşmalara nail olunmuşdur.
Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlardan sonra “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bu, rəqəmsal iqtisadiyyat, ekoloji inkişaf, ticari-iqtisadi,elm,təhsil,idman və digər sahələri əhatə etməklə geniş əməkdaşlıq imkanlarını nəzərdə tutan çox mühüm sənəddir. Ən diqqətçəkən və əhəmiyyətli razılaşmalardan biri isə qarşılıqlı vizasız rejimin tətbiqi ilə bağlı oldu. Beləliklə, hər iki ölkənin vətəndaşları üçün səfərlər daha da asanlaşacaq.
Azərbaycanın Orta Dəhliz çərçivəsində Çinlə əməkdaşlığı xüsusi önəm daşıyır. Səfər zamanı bu sahədə birgə fəaliyyətin gücləndirilməsi, dəhlizin sabit və təhlükəsiz Çin-Avropa marşrutu kimi inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı.Çin mediasına, eləcə də CGTN televiziyasına verdiyi müsahibələrdə Azərbaycan Prezidenti ölkəmizin regional rolu, enerji siyasəti və Çin ilə strateji əməkdaşlıq barədə ətraflı məlumat verib.
Bu səfər Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidini təsdiqlədi. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin növbəti uğurlu nəticəsi kimi yadda qaldı.
İmzalanan sənədlər, aparılan danışıqlar və verilən mesajlar göstərdi ki, Azərbaycan-Çin əlaqələri daha da dərinləşəcək və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq davamlı şəkildə inkişaf edəcək.
Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan mühüm tranzit ölkəyə çevrilmişdir. Eyni zamanda, Çin şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna olan marağı, xüsusilə də kənd təsərrüfatı, enerji və informasiya texnologiyaları sahəsində investisiya qoyuluşları daha çox diqqət cəlb edir.
Azərbaycan-Çin münasibətləri təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq da genişlənməkdədir. Çin dili və mədəniyyətinə maraq artdığı kimi, Çində də Azərbaycan mədəniyyəti haqqında məlumatlılıq getdikcə artır. Universitetlərarası əməkdaşlıqlar, tələbə mübadiləsi proqramları və ortaq elmi layihələr bu sahədə müsbət dinamikanın mühüm göstəriciləridir. Azərbaycan ilə Çin arasında əməkdaşlıq strateji əhəmiyyət daşıyır və qarşıdakı illərdə bu münasibətlərin daha da güclənəcəyi gözlənilir. Hər iki ölkənin rəhbərliyi qarşılıqlı faydalı əməkdaşlıq ruhunda əlaqələri genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq regionda sülh, inkişaf və sabitliyə də öz töhfəsini verir.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı