AMB “PAŞA Bank”a icrası məcburi sərəncam verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-yə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Bankın martın sonuna AMB-yə təqdim etdiyi hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativini pozduğu üzə çıxıb. Odur ki, “Banklar haqqında” qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, “PAŞA Bank”a müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib. Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.