Azərbaycanın təcrübəsi Rumıniya üçün mühüm nümunədir
Rumıniya parlamentinin üzvü, senator Kristian Sipos Rumıniya-Azərbaycan dostluq qrupu çərçivəsində ölkəmizə rəsmi səfəri barədə video və yazılı məqalə şəklində müsahibə verib. O qeyd edib ki, səfər zamanı ikitərəfli münasibətlərin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın inkişaf modeli və təbii sərvətlərindən istifadəsi diqqət mərkəzində olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, senator müsahibəsində Azərbaycanın müstəqilliyini 1991-ci ildə yenidən qazandığını vurğulayaraq, Rumıniyanın bu müstəqilliyi tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb. O, Azərbaycanın öz təbii ehtiyatlarını (xüsusilə təbii qaz və neft) ağıllı şəkildə idarə etməsini, əldə olunan gəlirlərin isə vətəndaşların rifahına yönəldilməsini yüksək qiymətləndirib. “Azərbaycan deyəndə ilk ağıla gələn təbii qazdır”, – deyə K.Sipos bildirib və əlavə edib ki, ölkə beynəlxalq şirkətlərlə əməkdaşlıq etməyi bacarır və maliyyə intizamına ciddi yanaşır. O bildirib ki, səfər çərçivəsində Azərbaycanın Baş naziri və Milli Məclisin üzvləri ilə keçirilən görüşlər də xüsusi önəm daşıyırdı. Diqqətə çatdırıb ki, Azərbaycanın Milli Məclisi 11 milyon əhalisi olan ölkədə cəmi 125 deputatdan ibarət olsa da, effektiv fəaliyyət göstərir.
Senatorun iştirak etdiyi digər rəsmi tədbir isə Bakıdakı Corc Enesku heykəli önünə Azərbaycan hökumətinin təşkil etdiyi gülqoyma mərasimi olub. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın məşhur “Araz” mağazalar şəbəkəsi ilə də tanış olub. Bu mağazalar sosial bərabərliyi qorumaq məqsədilə bütün əhali qruplarına münasib qiymətlərlə məhsullar təqdim edir və bu sistem Rumıniyada mövcud pərakəndə satış strukturu ilə müqayisədə fərqlənir. Energetika, ticarət və turizm kimi sahələrdə əməkdaşlıq imkanları da səfərin gündəliyində yer alıb. Senator K.Sipos bu dialoqların iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli olduğunu bildirib və Rumıniyanın öz milli dəyərlərini qorumaqla yanaşı, Azərbaycanın uğurlu təcrübəsindən də dərs çıxarmalı olduğunu qeyd edib. Senator sonda qeyd edib ki, mövcud çağırışlar qarşısında Rumıniya öz milli kimliyini yenidən qiymətləndirməli və strateji qərarlar qəbul etməlidir. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi Rumıniya üçün iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm nümunə ola bilər.