Siyasət

“Azərbaycanla Çin münasibətlərində inkişaf sıçrayışı baş vermişdir”


“Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində Azərbaycanla Çin arasında gələcək əməkdaşlığı daha yüksək səviyyə qaldıracaq, şaxələndirəcək və müvafiq olaraq da, münasibətlərin inkişaf mərhələsini müəyyən edəcək çox sayda sənədlər imzalandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, ümumi qeyd etmək lazımdır ki, imzalanan sənədlər hər iki tərəf üçün olduqca əhəmiyyətli olmaqla, müxtəlif sahələri əhatə etdi: “Bu mənada xüsusi olaraq tarixi sənəd qismində Azərbaycanla Çin arasında hər tərəfli və qarşılıqlı strateji əlaqələrin qurulması haqqında birgə bəyanatı qeyd etmək lazımdır. Vurğulamaq lazımdır ki, ötən ildən bu günümüzə qədər Azərbaycanla Çin arasında münasibətlərdə sözün əsl mənasında inkişaf sıçrayışı baş vermişdir. Ötən il təxminən bu vaxtlar Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentilə Çin Xalq Respublikasının sədri arasında görüş zamanı strateji tərəfdaşlıq haqqında sənəd imzalanmışdır. Artıq hər tərəfli stratejik əlaqələrin qurulması haqqında birgə bəyanat imzalandı. Bununla da, Azərbaycan və Çin əlaqələrinin özünün ən yüksək inkişaf nöqtəsinə gətirib çıxartdığını göstərən bir sənəddir. Əlamətdar hadisələrdən biri də, ondan ibarət oldu ki, Azərbaycan vətəndaşları artıq Çinə vizasız şəkildə gedə biləcəklər. Xatırlatmaq istəyərdim ki, Azərbaycan bir tərəfli qayda da, Çin vətəndaşları üçün viza tələbini ləğv etmişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə son səfəri çərçivəsində qarşılıqlı şəkildə viza tələbi ləğv olunmuşdur. Bununlada Azərbaycanla Çin arasında iqtisadi, ticari, əlaqələrin dinamikliyinə xüsusi təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, Çindən Azərbayacana əhəmiyyətli miqdarda, müxtəlif adlarda məhsullar ixrac olunmaqdadır. Çinlə Azərbaycanın ticarət dövriyyəsinə görə, 4-cü tərəfdaşıdır. Viza tələbinin ləğv olunmasından sonra ticari, iqtisadi əlaqələrin inkişafının dinamikliyini biz müşahidə edəcəyik”.