Britaniyanın enerji sistemində baş vermiş nasazlıqlar araşdırılır
Britaniyanın elektrik şəbəkəsinə nəzarət edən qurumu bazar günü ölkənin enerji sistemində baş vermiş izah olunmayan nasazlıqları araşdırır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, həmin nasazlıqlar İspaniya və Portuqaliyanın genişmiqyaslı enerji kəsintiləri ilə üzləşməsindən bir neçə saat əvvəl baş verib. Milli Enerji Sistem Operatorunun (NESO) idarəetmə otağında çalışan əməkdaşlar bazar günü səhər tezdən və axşam saatlarında elektrik tezliyində gözlənilməz dəyişikliklər müşahidə ediblər. Elektrik sisteminin tezliyinin müəyyən hədlər daxilində saxlanılması işıqların sönməməsi üçün olduqca vacib sayılır.
İlk nasazlıq gecə saat 2 radələrində Linkolnşirdə yerləşən “Keadby 2” qazla işləyən elektrik stansiyasının fəaliyyətini dayandırması ilə başlayıb. Ardınca isə Britaniya ilə Danimarka arasında enerji ötürülməsini təmin edən “Viking Link” interkonnektorunda izah olunmayan nasazlıq qeydə alınıb. Axşam saat 6 radələrində sistemdə yenidən gözlənilməz tezlik dəyişməsi müşahidə edilib, səbəbi isə hələlik məlum deyil.
Britaniya şəbəkəsinə nəzarət edən “NESO” qurumu bu hadisələrin araşdırıldığını “The Telegraph” qəzetinə təsdiqləyib.