Siyasət

“Yeni bir dönəmin başlandığını görməkdəyik”


“İran Prezidentinin Azərbaycana geniş heyətli səfəri və bu səfərdə müzakirə olunan məsələlər, yüksək səviyyəli qarşılanma verilən bəyanatlar onu göstərir ki, Azərbaycanla İran arasında uzun müddət davam edən soyuqlaşma nəhayət başa çatmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, yeni bir dönəmin başlandığını görməkdəyik: “Şübhəsiz ki, dünən müzakirə olunan məsələlər həm ikitərəfli münasibətlərə aid olan məsələlərdir, eyni zamanda regional məsələlərdir. Təbii ki, burada müzakirə olundu. Hesab edirəm ki, bu müzakirələrdə Azərbaycanla İran arasında mədəni, ticari, iqtisadi əlaqələr, siyasi dialoqun davam etdirilməsi kimi məsələlərlə yanaşı həm də Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, Zəngəzur dəhlizi ilə bağlı olan məsələlər, İran-İsrail məsələləri çox güman ki, dar çərçivədə müzakirə olunub. Amma ümumən həm İran prezidentinin burada səsləndirdiyi fikirlər, xüsusilə də, biznes forumdakı söylədiyi şeir əslində İranda müəyyən dəyişikliklərin olduğunu göstərir. Amma bu dəyişikliklərin köklü dəyişikliklər olacağını demək çox çətindir. Çünki İranda əsas hakimiyyət Prezident hakimiyyəti olmadığı üçün, İranda dövlət siyasətini müəyyən edən digər qurumların xarici siyasətə, dövlət siyasətinə çox ciddi təsirləri olduğundan ya İran daxilində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən kifayət qədər güclü qüvvələrin olduğunu nəzərə alsaq, bu münasibətlər birdən-birə istiləşib yüksək səviyyəyə çata bilməz. Amma önəmli olan odur ki, İranın hazırkı prezidenti Azərbaycanla münasibətlərin normallaşmasını istəyir. Bütün müqavimətə baxmayaraq bu məsələdə irəliyə doğru addım atmaq niyyətindədir. Hər halda ümid edək ki, bu səfər Azərbaycanla İran arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi tarixə düşsün. Münasibətlər inkişaf etsin, aradakı gərginlik yaradan səbəblər də ortadan qaldırılsın”.