Siyasət

Azərbaycanda hər kəs azad və xoşbəxt yaşayır


İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus “İsraildə Azərbaycan Evi” diaspor qurumunun, İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin və Akko şəhəri Dağ Yəhudiləri İcmasının qonağı olub. “İsraildə Azərbaycan Evi”ndən SİA-ya verilən məlumata görə, görüş Azərbaycan və İsrail arasında ictimai-siyasi əlaqələrin möhkəmləndirilməsi, hər iki xalq və dövlət arasında dostluq, müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə həsr olunmuş dəyirmi masa formatında keçirilib.

Akko şəhəri Dağ Yəhudiləri İcmasının sədri Nexamiya Şirin Mixaeli Azərbaycan və yəhudi xalqları arasında min illərə dayanan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O deyib: “Azərbaycan dünyada yeganə ölkədir ki, burada heç zaman antisemitizm halları müşahidə olunmayıb, yəhudilərlə yanaşı, bütün millətlərin nümayəndələri azad və xoşbəxt şəkildə yaşayırlar. Bütün inanclar bu ölkədə azaddır. Xüsusilə, Azərbaycan və yəhudi xalqları min illərdir qohumlaşmış və qardaşlaşmış xalqlardır. Ən çətin dövrlərdə belə bir-birinə dayaq olublar və bu münasibətlər əsrlərin sınağından keçmiş qardaşlıq nümunəsidir”.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları, beynəlxalq qanunlar, fundamental azadlıqlar və dini etiqad azadlığı yüksək səviyyədə qorunur. Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə ola biləcək bir ölkədir. Azərbaycandakı tolerantlıq və multikulturalizm ənənələri dünya miqyasında nadir rast gəlinən bir dəyərdir.

İsrail Müdafiə Nazirinin müşaviri, Dağ Yəhudilərinin Parlament Lobbisinin baş direktoru, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədri, Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti Pavel Elizarov qeyd edib ki, Azərbaycan İsrailə ən yaxın və doğma ölkədir. Hazırda hər iki ölkə arasında qardaşlıq münasibətləri hökm sürür. Dünyada Azərbaycan və İsrail qədər bir-birinə yaxın ölkə tapmaq çətindir. Azərbaycan xalqı da İsrail xalqı üçün doğma və əzizdir. Yəhudilərə göstərilən hörmət və ehtiram, xüsusilə Prezident İlham Əliyevin bu xalqa göstərdiyi diqqət və qayğı yüksək dəyərləndirilir. Bütün dünya Azərbaycan dövlətindən və Prezidentindən nümunə götürməlidir. Azərbaycandakı sabitlik və təhlükəsizlik Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsidir.

Görüşdə digər çıxış edənlər də Azərbaycandakı tolerantlıq mühitindən danışıblar. Bildirilib ki, Azərbaycan və yəhudi xalqları əsrlər boyu qardaşlıq və mehribanlıq şəraitində yaşayıblar.

Daha sonra çıxış edən səfir Ronen Kraus 2011-ci ildə Bakıda İsrail səfirliyində müşavir kimi fəaliyyət göstərdiyi dövrü xatırlayaraq, Azərbaycan xalqının qonaqpərvərliyi və ali dəyərlərə sadiqliyindən danışıb. Bildirib ki, bu ölkədə hər kəs azad və xoşbəxt yaşayır. O, ölkəmizdəki müsbət təəssüratlarını tədbir iştirakçıları ilə bölüşərək qeyd edib ki, həmin illərdə Azərbaycan xalqının insani keyfiyyətlərini yaxından müşahidə edib. Səfir əmin olduğunu bildirib ki, bundan sonra da Azərbaycan–İsrail münasibətləri yüksələn xətlə inkişaf edəcək.