Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
SİA xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasdan əvvəl energetika naziri Pərviz Şahbazovla Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb.
Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər – Birləşmiş Krallığın xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.
Nazir Qaret Tomas deyib: “Bu gün Azərbaycanla əldə olunan razılaşmalar iki ölkə arasında iş münasibətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək. İqtisadi artımı sürətləndirməyə yönəlmiş planlarımız bu sənədlərin əsasını təşkil etməklə energetika, infrastruktur və təhsil sahələrində ixracın və göstərilən xidmətlərin genişlənməsinə təkan verir. Azərbaycan onillərlə Böyük Britaniyanın bir çox sənaye sahəsində əsas tərəfdaşı olmuşdur və bu razılaşmalar növbəti illərdə mövcud əməkdaşlığı daha da möhkəmləndirəcəkdir”.
Nazir Pərviz Şahbazov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin əsas ticarət tərəfdaşı olan Birləşmiş Krallıqla münasibətlərin inkişafına və çoxşaxəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Bildirilib ki, Böyük Britaniya 37 milyard dollardan çox sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur. Ölkəmizdə müxtəlif sahələrdə 500-dən çox Britaniya şirkətinin aktiv fəaliyyəti, cari ilin 1-ci rübündə ikitərəfli ticarət dövriyyəsinin 4 dəfə artması ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dinamik inkişafının göstəriciləri kimi qiymətləndirilib.
Nazir həmçinin qeyd edib ki, Azərbaycanın neft-qaz sektoruna 35 milyard dollardan artıq sərmayə qoymuş bp ilə uzunmüddətli tərəfdaşlığımız Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu davam etdirməsi, AÇG yatağında hasilatın sabitləşdirilməsi və maksimum səviyyəyə çatdırılması ilə yanaşı, yeni layihələrin icrası istiqamətində də genişlənir: “Şəfəq” Günəş Elektrik Stansiyasının fəal tikinti mərhələsinə tezliklə start veriləcək. Bu layihə bp ilə yaşıl enerji və neft-qaz sənayesinin dekarbonizasiyası sahəsində əməkdaşlığımızın qabaqcıl nümunəsidir. Biz, eyni zamanda, digər Britaniya şirkətləri və investorları ilə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazırıq. Enerji keçidi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələr üçün Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (UKEF) tərəfindən nəzərdə tutulan 5 milyard funt sterlinq həcmində kredit zəmanəti isə ikitərəfli iqtisadi tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə mühüm töhfə verə bilər”.
Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş enerjisi və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpa olunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb.
İqtisadiyyatın modernləşdirilməsi-diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.
İnfrastrukturun inkişafı istiqamətində Orta Dəhlizdən istifadə, qarşılıqlı iqtisadi investisiya, tekstil sənayesi üçün ikitərəfli Ticarət və İnvestisiya Platformasının yaradılması imkanlarının müəyyənləşdirilməsi, su təsərrüfatı və tullantıların idarə edilməsi, nəqliyyat, aviasiya, rəqəmsal tikinti və mina təmizləmə sahələrində əməkdaşlıq nəzərdə tutulub.
Tənzimləmə və biznes mühiti istiqamətində hər iki ölkədə şirkətlərin sayının artırılması, sənaye parkları və iqtisadi zonalarla, o cümlədən Ələt Azad İqtisadi Zona (AFEZ) ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bankçılıq, rəqəmsal inkişaf, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində, həmçinin ixrac məhsullarına icazələrin asanlaşdırılması üzrə əməkdaşlıq barədə razılıq əldə olunub. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanmasının vacibliyi bildirilib.
Tədbir çərçivəsində UKEF və AZPROMO arasında Anlaşma Memorandumu imzalanıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 8-cı iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə qərar verilib.