“İran-Azərbaycan əlaqələrində yeni körpü yaranmaqdadır”
“Beynəlxalq münasibətlərdə geosiyasət, yəni mövcud olduğun coğrafiyada yerləşən qonşu dövlətlərlə münasibətlərin keyfiyyəti olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, nəticə etibarilə coğrafi mövqe hər bir dövlətin xarici siyasətini təyin edən əsas faktorlardan biri kimi çıxış edir: “Coğrafi mövqeyin reallıqlarını isə milli maraqlar baxımından strateji üstünlüyə çevirmək bacarığı milli diplomatiyanın əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan yerləşdiyi coğrafiyada bütün qonşularla yaxşı əlaqələr yaratmağa çalışır. Təsadüfi deyil ki, tarixboyu müxtəlif mərhələlərdən keçmiş Rusiya-Azərbaycan münasibətləri bu gün məhz bu kontekstdə müttəfiqlik, birgə fəaliyyət haqqında bəyannamənin tələblərinə uyğun olaraq yüksək səviyyəyə qaldırılıb.
Qardaş Türkiyə ilə münasibətlər strateji müttəfiqlik münasibətləridir. Gürcüstanla Azərbaycan münasibətləri strateji tərəfdaşlığın bütün istiqamətlərini əhatə etməklə qarşılıqlı hörmət, etimada söykənir. Bu kontekstdə İran-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, daha yeni səviyyəyə qalxması üçün addımların atılması Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Ona görə də, İran prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir.
İran-Azərbaycan münasibətləri özünəməxsus spesifikası olan münasibətlərdir. Çünki görüş zamanı hər iki qonşu ölkənin prezidentlərinin ifadə etdiyi kimi bu münasibətlər ortaq tarixi keçmişə, ortaq mədəniyyətə, ortaq dil mədəniyyətinə söykənməklə bərabər bu gün də canlıdır. Bu gün də həm də qohumluq əlaqələrinə söykənən münasibətdir. Ona görə də, mənə elə gəlir ki, İran prezidenti Pezeşkianın Azərbaycanın Prezidentinə xitabında bu reallıqların hamısı öz əksini tapmışdır. Çünki M.Pezeşkian Azərbaycan Prezidentinə “Əziz qardaşım” deyə xitab etdi. Azərbaycan Prezidenti də İran Prezidentinə “Əziz qardaşım” deyə xitab etdi. Bu, sadəcə gəlişi gözəl sözlər, müraciətlər deyil, mövcud reallığın özüdür. Düşünürəm ki, hazırki mərhələdə məqsəd məhz İran-Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaqla sözün mənəvi haqqını real siyasi proseslərdə real məzmuna qovuşdurmaqdır. Ona görə də, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycana münasibətlərin əsasları qoyularkən bu fəlsəfəyə söykənmişdi. Bu fəlsəfə bu gün də Azərbaycanın xarici siyasətində öz məntiqi davamına söykənməkdədir”.
“İran-Azərbaycan münasibətlərinin olmazsa-olmazı var. Bunlar ilk növbədə ərazi bütövlüyünün tanınması məsələsidir. Qarşılıqlı şəkildə münasibətlərin inkişafına üçüncü ölkələrin müdaxiləsinə yolverməzliyidir. Daxili işlərə qarışmamaq siyasətidir ki, bu da daim Azərbaycanın xarici siyasətində öz əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ildə Zəngilana səfərə gedərkən Xudafərin körpüsünə tərəf baxaraq körpünü dostluq körpüsü adlandırmışdır. Bu gün də Azərbaycan Prezidentinin siyasəti sayəsində və İranla münasibətlər kontekstində İran-Azərbaycan əlaqələrində yeni körpü yaranmaqdadır. Bu həm simvolik mənada, həm də real Araz dəhlizi üzərindən Azərbaycanı Naxçıvana birləşdirəcək körpüdür.
Şübhəsiz ki, İran-Azərbaycan münasibətləri həm də mehriban qonşuluq siyasətinə əsaslanmaqla region dövlətlərinin qarşılıqlı şəkildə inteqrasiyasına və yüksək səviyyəli əməkdaşlığına söykənir. Bu mənada Azərbaycan və Türkiyənin irəli sürdüyü “3+3″ formatı onun perspektivləri də İran-Azərbaycan münasibətlərinin cazibədar tərəflərindən biridir. Eyni zamanda daha böyük mənada Şimal, Cənub, Şərq, Qərb layihələri üzrə İran və Azərbaycanın çox böyük əməkdaşlıq perspektivləri var. Düşünürük ki, İran Prezidentinin Azərbaycana səfərindən sonra bütün bu istiqamətlərdə, mənəvi sferalarda da münasibətlərin dərinləşməsi üçün yeni şərtlər formalaşmış oldu” – deyə o, əlavə edib.