“Münasibətlərdə artıq çox ciddi inkişaf perspektivləri mövcuddur”
“İran-Azərbaycan münasibətlərində artıq çox ciddi inkişaf perspektivləri mövcuddur. Xüsusilə, İran rəsmilərinin son dövrlərdə Azərbaycana səfərlərinin sayının artması qarşılıqlı iki ölkənin əlaqələri bir üst mərhələyə daşımaqla bağlı ortaya iradə qoyması Azərbaycan-İran münasibətlərinin nə qədər inkişaf etdiyini şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, eyni zamanda bu münasibətlərin bundan sonra da inkişaf perspektivlərinə fokuslanacağını söyləməyimizə əsaslar verir: “İran prezidenti Məsud Pezeşkianın Azərbaycana bu səfəri çox böyük əhəmiyyətə malikdir. İki ölkə arasında tarixi əlaqələr mövcuddur, eyni zamanda biz bir çox sahələrdə İranla Azərbaycan münasibətlərindəki artan dinamik rəqəmləri və iqtisadi göstəriciləri də unutmamalıyıq. Azərbaycan və İran iqtisadi ticarət baxımından fəal əməkdaşlığa malikdir, bir çox beynəlxalq təşkilatlarda İranla birlikdə təmsil olunuruq, həmçinin bu gün region üçün əhəmiyyətli olan “3+3” platformasının Azərbaycanın ideyası ilə yaradılması və təşviq edilməsinə İran da dəstək olur. Həmçinin Azərbaycanla İran arasında Azərbaycandan Naxçıvana İran ərazisindən istifadə etməklə keçidlə bağlı razılaşmalar mövcuddur.
İrandan Azərbaycana qarşı bəzi din xadimlərinin, yaxud siyasətçilərin verdiyi neqativ açıqlamalar iki ölkə münasibətlərinin ruhuna uyğun deyil. İran prezidenti Pezeşkianın Azərbaycanla bağlı fikirləri və səfəri Azərbaycan-İran münasibətləri üçün yeni bir mərhələ ola bilər”.