“Prezidentin media ictimaiyyətini qiymətləndirməsi fəxarətdir”
“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı media ictimaiyyəti üçün bir neçə istiqamətdə mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, Sərəncamda Azərbaycan media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti yüksək formada qiymətləndirilir: “Bu kontekstdə jurnalistlərimizin Vətən müharibəsi dövründə sərgilədiyi fəaliyyətə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərmişdir. Bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir. Prezidentin Azərbaycan media ictimaiyyətini bu formada qiymətləndirməsi yüksək fəxarətdir və bizlərə qürur verir.
Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Sərəncam Milli Mətbuatının 150 illiyinin yüksək səviyyədə qeyd olunması üçün çoxsaylı tədbirlərin keçirilməsini tapşırır. Bunun üçün müvafiq strukturlar qarşısında vəzifələr qoyur. Ənənədən çıxış edib deyə bilərik ki, bu tədbirlər təkcə tarixi anım günlərinin qeyd olunması ilə yekunlaşmayacaq, həm də mediamızın gələcək inkişafına təkan verən addımların atılması ilə müşaiyət olunacaq. Nəzərə alaq ki, Azərbaycan Prezidenti bundan öncə “Azərbaycan media məkanında islahatların daha da dərinləşdirilməsi haqqında” Sərəncam da imzalayıb. Həmin sərəncama uyğun olaraq, son 4-5 il ərzində Azərbaycan mediası həm texniki, həm də hüquqi, nəzəri baxımından kifayət qədər yenilənmə mərhələsi keçib. Media subyektləri və jurnalistlər üçün çoxsaylı sosial güzəştlər tətbiq edilib. Əminliklə deyə bilərik ki, 150 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam bu cür addımların atılmasını daha da stimullaşdıracaq”.