Hazırda ölkə üzrə 16,000-dən çox istismar müddəti bitmiş bina mövcuddur
“Müxtəlif mənbələrin məlumatına görə, hazırda ölkə üzrə 16,000-dən çox istismar müddəti bitmiş bina mövcuddur. Son rəqəmlər artıq 16 min həddini keçib. Bu siyahıya sovet dövründə inşa olunmuş çoxmənzilli yaşayış binaları, eyni zamanda şəhər mərkəzində yerləşən bəzi açıq, köhnə binalar da daxildir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, mart ayında yaranmış vəziyyətlə əlaqədar olaraq Baş Nazirin sədrliyi ilə iclas keçirilmişdir: “Fövqəladə Hallar Nazirliyi həmin siyahıdan 197 binanı xüsusi olaraq seçərək qeydiyyata alıb. Bu binalarda yaşamaq artıq vətəndaşlar üçün təhlükəli hesab olunur və onların qısa müddət ərzində sökülməsi ilə bağlı Baş Nazir tərəfindən ilkin tapşırıqlar verilib, müvafiq komissiyalar yaradılıb.
Artıq bəzi qəzalı binalarda sakinlərin köçürülməsi və söküntü prosesi başlanıb. Bu prosesə daxil olan binalardan biri Sabunçu rayonunda, digəri isə Xətai rayonunda yerləşir. Sakinlərin mərhələli şəkildə köçürülməsi həyata keçirilir və təhlükəli vəziyyətdə olan binaların sökülməsi işi aparılır”.
Ekspert qeyd edir ki, sözügedən 197 bina faktiki olaraq Bakı şəhərinin demək olar ki, bütün rayonlarında yerləşir. Dövlət tərəfindən bu binaların qısa müddətdə sökülməsi, sakinlərə kompensasiya ödənilməsi və ya tikinti şirkətlərinin bu işə cəlb olunması məsələsi gündəmdədir. Lakin hələlik dövlətin bu qədər genişmiqyaslı layihəni maliyyələşdirməsi üçün kifayət qədər vəsaiti yoxdur.
16,000 bina getdikcə qəzalı vəziyyətə çevriləcək. Ölkəmizdə 100-ə yaxın tikinti şirkəti var və 16.000 binanın yenilənməsi istiqamətində heç bir resursları yoxdur. Bu o deməkdir ki, qəzalı binaların sayı çox olacaq.
Qeyd edim ki, hökumət də o qədər yükü daşıya bilmir. Dövlət hesabına bu qədər binaların sökülməsi vətəndaşların konpensasiyaya verilməsi mümkün deyil. Hökümətin daha böyük planları var. Qeyd edim ki, tikinti şirkətlərinin də sayı çox azdır. Bu istiqamətdə ciddi qərarlar verilməlidir ki, gələcəkdə bu problem daha da böyüməsin”.