İqtisadiyyat

“Hazırda sənaye parkında 6 min 200-dən çox insan daimi işlə təmin olunub”


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ən böyük sənaye parkıdır ərazisi 613 hektardan çoxdur: “Burada 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda sənaye parkında 6 min 200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 min 700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur ki, bu da həm iqtisadiyyata həm də sosial rifaha birbaşa müsbət təsirini göstərəcəkdir. Ölkə başçısının açılışında iştirak etdiyi müəsisələrdən əlavə olaraq bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin fəaliyyətə başlaması da planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə sənaye mərkəzində fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb.

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, ölkənin ixrac coğrafiyasını genişləndirərək, iqtisadiyyatın inkişafını sürətləndirir, digər tərəfdən də əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verir. Əgər ilkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldirilirdisə, indi bir çox məhsulların Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və bəzi ölkələrə ixrac edilməsi nəzərdə tutulub. Mən sənaye parklarının yaradılmasının və hətta ehtiyac duyulan bəzi rayonlarda da sayının artırılmasının tərəfdarıyam, xüsusilə işsizliyin çox olduğu rayonlarda bunun insanları əməyə təşviq etmək baxımdan da faydalı olacağını düşünürəm”.