Türkiyəli iş adamları Bakı Tekstil Fabrikində olublar
Türkiyənin Trabzon şəhərindən olan Trabzon Ticarət və Sənaye Odasının (Trabzon TTSO) nümayəndə heyəti – türk iş adamları Azərbaycana səfərləri çərçivəsində Bakı Tekstil Fabrikində olublar.
SİA xəbər verir ki, qonaqları fabrikin kommersiya rəhbəri Elçin Babayev qarşılayaraq, onlara müəssisənin fəaliyyət istiqamətləri və istehsalat sahələri barədə geniş məlumat təqdim edib. Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Bakı Tekstil Fabriki artıq 15 ildir ki, işçi geyimləri, məktəbli formaları, promo geyimlər, corab və iç geyimləri kimi tekstil məhsullarının istehsalı ilə məşğuldur.
Səfər çərçivəsində Trabzon TTSO-nun rəhbəri Erkut Çelebi və nümayəndə heyəti fabrikin istehsal prosesi ilə yaxından tanış olublar. Ziyarət iştirakçılarında müəssisənin texnoloji imkanları və istehsal potensialı yüksək maraq doğurub.
Görüş zamanı türk iş adamları öz biznes sahələri barədə məlumat verərək, xüsusilə məhsullarının xarici bazarlara – həm topdan, həm də pərakəndə şəkildə çıxarılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Elçin Babayev bu mövzuda Bakı Tekstil Fabrikinin ixrac təcrübəsinə əsasən xarici bazarlarla işin üstünlükləri və qarşılaşa biləcək risklər haqqında fikirlərini bölüşüb.
Səfərin sonunda Bakı Tekstil Fabrikinin əməkdaşları tərəfindən hazırlanan xatirə hədiyyələri qonaqlara təqdim olunub və birgə xatirə şəkli çəkilib.