“Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə YAP Sabunçu Rayon Təşkilatı və “Balakhani Operating Company LTD”nin birgə təşkilatçılığı ilə “Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını doğma Azərbaycanı qurub abad etməyə həsr edib.
Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin, bəlkə də, ən əvəzolunmazı, onun çətin dönəmdə insanlarda ruh yüksəkliyi yaratması, dövlətə inamı bərpa etməsi idi. Bir çox müstəsna cəhətləri ilə yanaşı Heydər Əliyevi cəsarətli və müdrik lider kimi səciyyələndirən onun uzaqgörənliyi, böyük səbri, gözəl natiqlik qabiliyyəti, fenomenal yaddaşı, daim öyrənmək həvəsi və tükənməz həyat eşqi idi. Məhz buna görə o, hələ çox gələcək nəsillər üçün şəxsiyyət nümunəsi olacaq.
Daha sonra çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundova vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevi cəsarətli və müdrik lider kimi səciyyələndirən onun uzaqgörənliyi, böyük səbri, fenomenal yaddaşı, daim öyrənmək həvəsi və tükənməz həyat eşqi idi. Onun sədrliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) öz fəaliyyətinin müxtəlif mərhələlərində gələcək Azərbaycan üçün fundamental əsaslar yaratmağı bacardı. Bu təkcə siyasi sistemin yeni milli və demokratik dəyərlər əsasında inşası deyildi, həm də dövlətçiliyimizin inkişafının keyfiyyətcə yeni bir mərhələyə daxil olmasının başlanğıcı idi. 2003-cü ildən partiyanın sədri kimi bu estafeti daha böyük nailiyyətlərlə davam etdirən cənab İlham Əliyev Ulu öndərimizin ölməz siyasi irsini daha da zənginləşdirərək dövlətimizin qüdrətinin, beynəlxalq nüfuzunun daha da artmasını təmin edib.
Tədbirin sonunda xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildli nəşri müəllifin imzası ilə “Balakhani Operating Company LTD”-nin kitabxanasına hədiyyə edilib.