Yaz mövsümünün dəb geyimi BƏLLİ OLDU
“2025-ci ilin yaz dəbindən danışarkən bu mövsümün trendlərində ön planda olan rənglərə toxunmaq istərdim. Yaz kolleksiyalarında boz, karamel, bordo və zeytun tonları ən çox diqqət çəkən rənglər sırasındadır. Bu rənglər yalnız fərdi şəkildə deyil, eyni zamanda bir-biri ilə uyğunlaşdırılmış kombinasiyalı geyimlərdə də geniş istifadə olunacaq”. Bunu SİA-ya açıqlamasında modelyer Şəlalə Maqsudova deyib.
Onun sözlərinə görə, bu mövsüm bədənə oturan modellərdən daha çox boş və rahat kəsimli geyimlər üstünlük təşkil edəcək: “Xüsusilə boş ətəklər, trapez və midi trapez ətəklər trenddədir. Eyni tendensiya şalvarlara da aiddir – daha rahat və geniş kəsimli modellər ön planda olacaq.
Yuxarı geyimlərdə isə boş köynəklər, geniş pencəklər, iri ciblər və böyük yaxalıqlar (varaqlıqlar) aktualdır. Həmçinin, çiyinləri açıq olan köynək və pencəklər də yaz trendlərinin ayrılmaz hissəsidir. Amma burada maraqlı bir detal da var: əvvəlki illərdə pencəklər yalnız boş və sərbəst formada istifadə olunurdusa, bu yaz incə və zərif kəmərlərlə tamamlanacaq. Bu kəmərlər tək olaraq deyil, bir neçə nazik kəmərin kombinasiyası şəklində də aksesuar kimi geyimlərə əlavə ediləcək”.
Parçalara gəldikdə isə modelyer deyib ki, yaz mövsümünün favorit materialları qalın kətan və cins parçalar olacaq: “Cinslər klassik olaraq heç vaxt dəbdən düşmür və bu yaz da istər üst geyimlərdə, istərsə də alt geyimlərdə geniş şəkildə istifadə olunacaq”.
Müəllif: Günel Fərzəliyeva