ABA kənd təsərrüfatının maliyyələşdirilməsi ilə bağlı gələcək planlarını açıqlayıb
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi kənd təsərrüfatı yönümlü bank məhsulları ilə bağlı araşdırmaları davam etdirməyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA), eləcə də Aqrar Sığorta Fonduna təqdim etdiyi təkliflər çərçivəsində ikitərəfli müzakirələri davam etdirməyi, AKİA-dan daxil olacaq şikayətləri “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi” Ekspert Qrupunda təhlil etməyi və müvafiq tövsiyələr verməyi planlaşdırır. SİA xəbər verir ki, bunu ABA-nın icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, tətbiqi ilə bağlı aktiv işin davam etdirildiyi anbar və məhsul şəhadətnamələrinin gələcəkdə məhsul itkisinin azalması, şəffaflığın artırılması, ixrac potensialının güclənməsi ilə yanaşı maliyyələşmə üzrə də bir sıra müsbət təsirləri olacaq.
“Məhsul şəhadətnaməsi məhsulun anbarda saxlandığını və müəyyən keyfiyyət göstəricilərinə cavab verdiyini təsdiq edən rəsmi sənəddir, fermerlərə banklardan və digər maliyyə institutlarından girov əvəzi kredit götürmək imkanı yaradır. Nəticədə, fermerlər məhsullarını satmadan da vəsait əldə edərək bizneslərini inkişaf etdirə bilərlər. Məhsul və anbar şəhadətnamələrinin tətbiqi e-sertifikatlaşdırma, rəqəmsal qeydiyyat və izləmə sistemlərinin inkişafını sürətləndirir. Bu isə kənd təsərrüfatı sektorunda innovasiya və texnologiyaların tətbiqinə zəmin yaradır. Onların sırasına maliyyələşmə yönümlü olanların qoşulması istisna edilmir. Şəhadətnaməsi olan məhsulların mövcudluğu, dövlət və ya beynəlxalq fondları güzəştli kreditləri, subsidiyalar və yaxud məhsul sığortası kimi alətlərin tətbiqində etibarlı baza rolunu oynaya bilər”, – deyə icraçı direktor əlavə edib.