ABŞ-la saziş Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatıdır
ABŞ-la yerin təki sazişi Ukraynanı indi qorumağa və gələcəkdə dünyanın ən böyük iqtisadiyyatı ilə uzunmüddətli tərəfdaşlıq yaratmağa kömək edəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
“Ukrayna üçün təkcə bu müharibəni bitirmək deyil, ondan sonra gələcək ədalətli sülhə nail olmaq vacibdir. Bu, “əvvəlkindən daha yaxşı” prinsipi əsasında genişmiqyaslı bərpa deməkdir. Bu, Aİ-yə üzvlük deməkdir”, – deyə Şmıqal bildirib.
Baş nazir, həmçinin qeyd edib ki, sazişin imzalanması Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatıdır: “Axı o, güclü iqtisadiyyata malik ölkə ilə imzalanıb”.
Onun sözlərinə görə, hazırda hüquqi və diplomatik işlərin davam etdirilməsi və ABŞ-la tərəfdaşlığın həyata keçirilməsi üçün konkret alətlər təqdim edəcək texniki sazişlərin imzalanması vacibdir.
“Lakin başqa bir şey də vacibdir: bu saziş bizə ölkəni daha yaxşı qorumağa imkan verəcək. Səmamızı daha yaxşı qoruyaq – Amerikanın hava hücumundan müdafiə sistemləri sayəsində. Torpaqlarımızı daha yaxşı qoruyaq – müasir silahlar sayəsində”, – deyə Baş nazir bildirib.
Denis Şmıqalın fikrincə, bu razılaşma ABŞ-ın Ukraynanın yanında qalması və Ukraynanı dəstəkləməyə hazır olması barədə Kreml rejiminə siqnaldır.
Xatırladaq ki, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında iqtisadi tərəfdaşlığı nəzərdə tutan yeraltı sərvətlərə dair saziş imzalanıb. Bu razılaşmaya əsasən, Birləşmiş Ştatlar Ukraynanın təbii sərvətlərinə çıxış əldə edəcək və gəlirlər ABŞ-Ukrayna birgə Bərpa İnvestisiya Fonduna yönəldiləcək.
Emil Hüseynli