“Dünyada Azərbaycanın imici inkişaf etmiş dövlətlərin sırasındadır”
“Azərbaycanın dövlət başçısı İlham Əliyev cənablarının Çin Xalq Respublikasına səfəri siyasi bir hadisə kimi diqqəti cəlb edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Çin dünyanın ən böyük dövlətlərindən biri və birincisidir: “Bu dövlətə Azərbaycanın dövlət başçısı tərəfindən rəsmi səfər, bu səfərin böyük coşqu ilə qarşılanması və təkcə Çinin dövlət başçısı yox, ümumiyyətlə, Çinin Azərbaycan dövlət başçısına olan səmimi münasibəti göstərdi ki, Azərbaycan və Çin ərazi və əhali baxımından sayına görə müxtəlif olsalar da, Azərbaycan da dünyanın inkişaf etmiş dövləti kimi qəbul olunur.
Azərbaycanın dövlət başçısına çox böyük hörmət var. Vaxtilə Böyük İpək yolu Çindən başlayaraq Azərbaycan da daxil olmaqla dünyanın böyük bir hissəsini əhatə edirdi. Bu gün də iki dövlət arasında bağlanmış müqavilələr onu göstərir ki, Böyük İpək yolu yenidən fəaliyyətdədir. Azərbaycan bu yolun inkişafında və həyata keçirilməsində əlindən gələni edir. Çin Xalq Respublikasına Azərbaycanın Dövlət başçısının səfəri onu göstərdi ki, Azərbaycan 90-cı illərin əvvəllərinin Azərbaycanı deyil, inkişaf edən ölkədir. Bu gün Azərbaycan Qərbin on dövlətinə enerji baxımından kömək edən dövlətdir. Dünyada Azərbaycanın imici inkişaf etmiş dövlətlərin sırasındadır. Bu mənada Çin Xalq Respublikası ilə Azərbaycan arasındakı sazişlər, müqavilələr və gələcəklə bağlı perspektivlər onu göstərir ki, Azərbaycanın Qərbə inteqrasiyası ilə yanaşı, Mərkəzi Asiya ölkələri ilə yanaşı, o cümlədən Çin Xalq Respublikası ilə də münasibətləri inkişafa gətirib çıxarır. Eyni zamanda bütün bu illər ərzində Çin həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Ermənistanın Azərbaycana təcavüzünü dəstəkləməyən BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri idi. Bu mənada da Azərbaycan da Tayvan məsələsində həmişə Çinin tərəfindədir, ədalətin tərəfindədir. Çinin bu istiqamətdəki mübarizəsini dəstəkləmişdir.
Çin dünyanın inkişaf edən bir dövlətidir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ticari əlaqələr yüksək səviyyədə inkişaf etmiş, bu əlaqələr bu gün də inkişafdadır. Gələcəkdə də müstəqil Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı Çin Xalq Respublikasına Azərbaycan dövlət başçısının səfəri böyük təkamül oldu. Əminəm ki, bu münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir”.