Siyasət

Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib


Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi landşafta malik olan bu regionun irsi ilə daha yaxından tanış olublar.

Səfər çərçivəsində ilk olaraq Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanın mənəvi-simvolik məkanlarından biri sayılan, dini-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Burada onlar “Damcıxana” və ziyarətgah ərazisində yerləşən müxtəlif müqəddəs yerlərlə tanış olub, ziyarətə gəlmiş yerli sakinlərlə səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.

Daha sonra Ordubad şəhərinə yola düşərək bir sıra tarixi, dini və mədəni obyektlərlə tanış olublar. İlk olaraq şəhərin simvollarından biri olan Ordubad Cümə Məscidi ziyarət edilib. Ardınca “Qeysəriyyə” Tarix-Diyarşünaslıq Muzeyində Ordubadın tarixi, mədəni irsi və sənətkarlıq ənənələrini əks etdirən eksponatlara baxış keçirilib.

Səfər Sərşəhər küçəsində yerləşən bir sıra mədəni abidələrin ziyarəti ilə davam edib. Leyla Əliyeva və Arzu Əliyeva tarixi baxımından əhəmiyyətə malik “Sərşəhər Məscidi” ilə tanış olublar.

Daha sonra Sərşəhər Meydanındakı orqanik bazarda Ordubadın özünəməxsus yerli məhsulları, müxtəlif növ milli şirniyyatlar, mürəbbələr, quru meyvələr, bitki ekstraktları, dərman bitkiləri, bal və arı məhsulları, həmçinin Ordubada məxsus qayğanaq və məşhur Ordubad limonu təqdim olunub. Həmçinin meydanda yerləşən və əsrlərlə yaşı olan qədim çinar ağacı Ordubadın təbiət və tarix vəhdətini əks etdirən rəmzlərdən biri kimi vurğulanıb. Gəzinti zamanı onlar meydan ərazisində yerli sakinlərlə xoş ünsiyyət qurub, xatirə şəkilləri çəkdiriblər.

Ardınca Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunun Vənənd kəndində yaşayan Əkbərovlar ailəsinin qonağı olublar. Onlar ailənin limonçuluq üzrə fəaliyyət göstərən kiçik aqrotəsərrüfatına baş çəkib, burada xüsusi qulluqla yetişdirilən Ordubad limonu və onun becərilmə prosesi ilə yerində tanış olublar