“Ermənistanın mövcud hakimiyyəti sülh müqaviləsini imzalamaq niyyətindədir”
“Artıq bu ilin 13 mart tarixində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bütün maddələri razılaşdırılıb. Ermənistan son iki maddəyə də razılıq verərək bəyan etdi ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Lakin Azərbaycan haqlı olaraq qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiaları mövcuddur və bu müddəa aradan qaldırılmalıdır. Həmçinin ATƏT-in Minsk Qrupunun ləğvi də Ermənistan tərəfindən Azərbaycanla birlikdə rəsmən təsdiqlənməlidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.
Onun sözlərinə görə, sonrakı danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, ATƏT-in Minsk Qrupunun ləğv olunması sülh müqaviləsinin imzalanması zamanı rəsmi şəkildə təsdiqlənəcək: “Bu, tərəflər arasında razılaşdırılmış məsələlərdən biridir. Lakin Ermənistan Konstitusiyasında dəyişiklik hələ baş verməyib, çünki bu yalnız referendum yolu ilə mümkündür. Bu prosesin 2025-ci ilin iyun ayından tez baş tutması real görünmür, çünki həmin vaxt ölkədə parlament seçkiləri keçiriləcək. Seçkilərdə Paşinyanı hakimiyyətdən devirmək istəyən qüvvələrin ciddi mübarizə aparacağı gözlənilir. Bu səbəbdən də son vaxtlar Ermənistan-Azərbaycan sərhədində təxribatlar artıb. Bu təxribatlara Avropa İttifaqının mülki missiyası da dolayısı ilə qoşulur. Onlar sərhəddə müşahidələr apararaq kəşfiyyat xarakterli fəaliyyət göstərir, bu da Azərbaycan-Ermənistan münasibətlərinə mənfi təsir göstərir”.
Siyasi şərhçi qeyd edir ki, hazırda Ermənistanın mövcud hakimiyyəti sülh müqaviləsini imzalamaq niyyətindədir və bu addımı öz siyasi uğuru kimi təqdim etmək istəyir: “Digər tərəfdən, Paşinyan eyni zamanda Rusiya ilə də əlaqələri gücləndirməyə çalışır. ABŞ-da Trampın hakimiyyətə qayıdışı ilə Rusiyaya müəyyən dəstəyin artması fonunda, Paşinyan hakimiyyəti Moskva ilə gizli diplomatik təmaslar qurmağa başlayıb. Lakin o, qərblə əlaqələri də tam kəsmir və Ermənistan parlamenti artıq Avropa İttifaqına üzvlüklə bağlı bəzi qanunvericilik dəyişikliklərini qəbul edib. Bu isə Rusiyanın ciddi narazılığına səbəb olub. Rusiyanın Baş nazir müavini bəyan edib ki, Ermənistan ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi Birliyini seçməlidir – hər iki qurumla eyni vaxtda inteqrasiya mümkün deyil.
Bütün bu siyasi proseslər fonunda Ermənistan daxilində ciddi mübarizə gedir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi vacibdir. Bu dəyişiklik baş verdikdən sonra rəsmi sülh sazişi imzalana bilər.
Hesab edirəm ki, Ermənistan xalqının böyük əksəriyyəti artıq uzun illərdir davam edən müharibə və qarşıdurmalardan yorulub. Onlar revanşist qüvvələrə dəstək verməyəcəklər. Hərçənd, belə qüvvələrin cəmiyyətdə müəyyən təsiri hələ də qalır və onlar ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Lakin ümid edirəm ki, gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistan vətəndaşları sülhə və reallığa səs verəcəklər. Bu halda revanşist qüvvələrin hakimiyyətə gəlməsi mümkün olmayacaq”.