Böyük Britaniyanın Aİ-nin cinayət və qeyri-qanuni miqrasiya məlumat bazalarına çıxış tələbi rədd edilib
Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) cinayət və qeyri-qanuni miqrasiya ilə bağlı ortaq məlumat bazalarına çıxış əldə etmək istəyi rədd olunub. SİA “The Times”a istinadla xəbər verir ki, Britaniya danışıqlar çərçivəsində Şengen zonasında polis xəbərdarlıqlarının paylaşılması üçün əsas alət sayılan Şengen Məlumat Sisteminə (SIS) çıxış əldə etməyə ümid edirdi.
Qəzetin məlumatına görə, Aİ rəsmiləri Böyük Britaniyaya bu sistemə və qeyri-qanuni miqrantların barmaq izi məlumatlarının toplandığı mərkəzləşdirilmiş “Eurodac” bazasına çıxış vermək niyyətində olmadıqlarını bildiriblər.
Bu qərar Baş nazir Kir Starmerin “Brexit”dən sonra Aİ ilə münasibətləri yenidən qurmaq və sığınacaq müraciətlərinin sayını azaltmaq istiqamətindəki səylərinə ciddi zərbə kimi qiymətləndirilir.