Afina İspaniyada olduğu kimi elektrik kəsilməsindən ehtiyat edir
Gözlənilən tarixi turist axını ilə Yunanıstan paytaxtının meri elektrik enerjisinin fasiləsiz təchizatını təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Yunanıstan paytaxtının meri Haris Dukasın sözlərinə görə, ölkə əhalisinin demək olar ki, 35 faizinin yaşadığı Afinanın idarə edilməsi artan turist axını səbəbindən çətinləşib.
Turizmin inkişafı şəhərin enerji ehtiyacının pik mövsümdə üçqat artmasına gətirib çıxarır. Afina bələdiyyəsi tərəfindən aparılan turizm axını ilə bağlı araşdırmaya görə, şəhərin mərkəzindəki ümumi tullantıların, enerji istehlakının və suyun 50 faizindən çoxu turistlərin payına düşür və bu da şəhərin enerji infrastrukturu üçün böyük bir yük yaradır.
Bu yay turistlərin axını ilə bağlı ilkin məlumatlar proqnozlaşdırır ki, bu məsələdə Yunanıstanın paytaxtı yeni rekord qıracaq: ilin sonuna qədər onu 10 milyona qədər insan ziyarət edəcək. Bu rəqəmləri və elektrik sisteminin çökmə riskini nəzərə alaraq, Dukas həm enerji təchizatına, həm də elektrik şəbəkəsinin düzgün işləməsinə zəmanət verilməsinin vacibliyində israr edir.
“Biz Pireney yarımadası ölkələrindəki kütləvi elektrik kəsilməsini narahatlıqla izləyirik ki, bu da səbəblərindən asılı olmayaraq, enerji sisteminin idarə edilməsində zəiflikləri, çatışmazlıqları və potensial səhvləri ortaya qoyur”, – deyə Dukas bildirir.
Dukas vurğulayır ki, əsas odur ki, şəhərin enerji ehtiyacı fasiləsiz təmin edilsin və elektrik şəbəkəsinin düzgün işləməsi Afinanı ziyarət edən həm vətəndaşların, həm də turistlərin təchizatına zəmanət versin.