Azərbaycan aparılan islahatlarla ən irəlidə olan ölkələrindən biridir
Azərbaycan bank sektorunda aparılan islahatlarla Qazaxıstan və Ermənistanla yanaşı, regionun (Qafqaz və Mərkəzi Asiya) ən irəlidə olan ölkələrindən biridir. SİA xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib. Burada islahatların iki əsas istiqaməti önə çəkilir.
Birinci istiqamət tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Bildirilir ki, Azərbaycan bank sektorunda şəffaflığın artırılması, kapital adekvatlığının təmin olunması və institusional dayanıqlığın gücləndirilməsi məqsədilə mühüm addımlar atır. Bu islahatlar tənzimləyici orqanların effektivliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin qorunmasına da xidmət edir.
İkinci istiqamət isə bank sektorunda potensial böhranların sistemli şəkildə idarə olunmasına imkan verən sağlamlaşdırma (resolution) rejiminin tətbiqidir. “S&P” qeyd edir ki, Azərbaycan bu sahədə də Ermənistan və Qazaxıstanla birlikdə nəzərəçarpacaq irəliləyiş göstərən ölkələr sırasındadır.
Hesabatda ümumilikdə, EMEA regionunun (Avropa, Yaxın Şərq və Afrika) inkişaf etməkdə olan bazarlarında sağlamlaşdırma rejiminin tətbiqində ciddi ləngimələr olduğu vurğulanır. Qeyd edilir ki, bu bazarlar kapital və likvidlik üzrə beynəlxalq tənzimləmələri qəbul etsələr də, “resolution” rejiminin tam tətbiqinə keçid zəifdir.
Tərəddüdlərin səbəbləri sırasında isə hökumət dəstəyinə olan inamın zəifləyə biləcəyi narahatlığı, yerli kapital bazarlarının məhdudluğu, beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının zəifliyi və banklar üçün əlavə maliyyə yükü yarana biləcəyi ehtimalı göstərilir. Həmçinin, bir çox ölkədə institusional çərçivələrin yetərincə inkişaf etməməsi bu prosesin qarşısını alan əsas amillərdən biri kimi qeyd olunur.
“S&P” bu səbəblərlə, regionda sağlamlaşdırma rejiminin genişmiqyaslı tətbiqinin yaxın dövrdə mümkün olmayacağını proqnozlaşdırır.