İqtisadiyyat

Azərbaycanda xarici ticarət iştirakçılarının risk qruplarına dair qaydalar təsdiq edilib


Dövlət Gömrük Komitəsinin Kollegiyası “Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar”ı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı kollegiyanın sədri Şahin Bağırov yeni qərar imzalayıb.

Qərara əsasən, xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi üçün risk meyarları aşağıdakılardır:

– iqtisadi faəliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunma;

-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, mülkiyyət, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik, iqtisadi fəaliyyət, ticarət, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta, gömrük və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilmə;

– bu Qaydaların 2.1.1 və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hüquqpozma əlamətləri ilə bağlı davam edən araşdırmalar;

– xarici ticarət əməliyyatları sahəsində fəaliyyət müddəti;

– xarici ticarət əməliyyatlarının sayı;

– xarici ticarət dövriyyəsi;

– işçi sayı;

– həyata keçirilmiş xarici ticarət əməliyyatlarının nəticələri;

– VRP-də riskli vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması;

– güzəştli vergi tutulan ölkələr və ərazilərlə xarici ticarət əməliyyatları;

– gömrük və (və ya) vergi borcu (qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla);

– vergi orqanında qeydiyyatda olan anbarın və ya digər təsərrüfat obyektinin sahəsi və infrastrukturu.

Komitənin Hüquqi Təminat İdarəsinə tapşırılıb ki, bu qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.