Siyasət

“Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı”


“Hər birinizi salamlayır, dəvətimizi qəbul edərək “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov deyib.

Onun sözlərinə görə, danılmaz faktdır ki, Azərbaycan xalqı üçün bütün taleyüklü məsələlərin həlli məhz güclü lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Bu gün qürurla ifadə edirik ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır.

Fəaliyyətinin bütün dövrlərində Azərbaycan naminə böyük fədakarlıq göstərərək misilsiz xidmətlərə imza atmış Heydər Əliyev əbədiyaşarlıq zirvəsinə ucalmış, onun adı xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu kimi tariximizə həkk olunmuş, siyasi irsi milli-mənəvi sərvətimiz kimi bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir və hələ uzun illər bundan sonra da onun ideyaları milli təkamül yolumuzun əsasını təşkil edəcəkdir.

Ulu Öndər Heydər Əliyev bir-birindən siyasi-ideoloji və sosial-iqtisadi cəhətdən tamamilə fərqli olan iki tarixi mərhələdə – istər SSRİ dönəmi, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli inkişafa xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirməklə xalqımız üçün taleyüklü uğurlara imza atmışdır. 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər respublikamızın sosial-iqtisadi yüksəlişini təmin etmiş, gələcək müstəqilliyinin əsaslarını formalaşdırmışdır. O dönəmdə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi isə mürəkkəb tarixi mərhələdə milli şüurun güclənməsi, xalqın öz mənəvi sərvətlərini, tarixi dəyərlərini qoruyaraq yaşatması baxımından böyük əhəmiyyətə malik olmuşdur. Müdrik dövlət xadimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi mərhələdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın rifahı və firavanlığı naminə məqsədyönlü işlər görmüş, dünya siyasətinə bir azərbaycanlı kimi öz bənzərsiz imzasını atmışdır. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi də öz tarixi missiyasını davam etdirmiş, blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olmuş, SSRİ-nin saxlanılması haqqında referendumda iştirakdan imtina etməklə faktiki olaraq müstəqilliyin təməllərini yaratmış, bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağını ilk dəfə ucaltmışdır.

Heydər Əliyev müstəqillik dövründə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi nəinki tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmış, Ümummilli Lider zirvəsinə yüksəlmişdir. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək vahid amal uğrunda – milli məqsədlər naminə səfərbər olması həlledici siyasi-ideoloji faktor kimi ölkəmizin gələcəyini müəyyən etmişdir. Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən – 1993-cü ilin iyun hadisələri zamanı xalqımız Ulu Öndərə ölkəmizin qurtuluşu üçün respublikaya rəhbərlik etməsi barədə çağırış etmiş, Ümummilli Lider isə həyatını belə riskə ataraq növbəti dəfə tarixi-siyasi məsuliyyəti üzərinə götürmüş və Bakıya qayıdaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Bu, Heydər Əliyevin böyük siyasətə Qayıdışı və Zəfər yolunun başlanğıcı idi.

1993-cü il oktyabrın 3-də xalqın mütləq dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn vəzifələri ardıcıl həyata keçirməklə Azərbaycanın real müstəqilliyinə nail oldu. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etdi.

Məqsədyönlü siyasət nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm addımlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi. Bir sözlə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmi – 1993-2003-cü illər Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoymasını, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılmasını şərtləndirmişdir.

Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciət edərək dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə Azərbaycanın gələcəyinə dair aydın baxışını ortaya qoymuşdu. Xalqımız Heydər Əliyevin müdriklik və uzaqgörənliyinə sonsuz inamı bir daha nümayiş etdirərək cənab İlham Əliyevə qətiyyətli dəstək və yüksək etimad göstərməklə siyasi varisliyi təmin etdi və bununla da ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm uğurlar qazandı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir.

Dövlət başçısının Sərəncamı ilə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu möhtəşəm Zəfər yoluna – tam suverenlik zirvəsinə yüksəlməsinə hərtərəfli nəzər salınması baxımından böyük əhəmiyyət daşıyır.

Əminliklə söyləyə bilərik ki, qarşıdakı dönəm də Azərbaycanın davamlı uğurları və milli gücünün daha da artması ilə əlamətdar olacaqdır. Şübhə yoxdur ki, Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcəkdir”.

Müasir müstəqil Azərbaycan bu gün anadan olmasının 102-ci ildönümü ərəfəsində əziz xatirəsini dərin hörmətlə yad etdiyimiz Ulu Öndərimizin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük mirasıdır. Heydər Əliyev irsinə sonsuz ehtiram və sədaqət nümayiş etdirməklə möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan naminə çalışmaq hər birimizin ümdə vəzifəsi – həm mənəvi, həm də siyasi borcudur. Bu şərəfli yolda hamınıza inam və əzmlə addımlamağı arzulayıram.

Yaşasın Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanəti olan müstəqil və qalib Azərbaycan!

Eşq olsun Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevə!” – deyə o, əlavə edib.