Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru”
Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirin iştirakçılarını salamlayıb. Tahir Budaqov qeyd edib ki, Azərbaycan xalqı üçün bütün taleyüklü məsələlərin həlli məhz güclü lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur: “Bu gün qürurla ifadə edirik ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır. Fəaliyyətinin bütün dövrlərində Azərbaycan naminə böyük fədakarlıq göstərərək misilsiz xidmətlərə imza atmış Heydər Əliyev əbədiyaşarlıq zirvəsinə ucalmış, onun adı xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu kimi tariximizə həkk olunmuş, siyasi irsi milli-mənəvi sərvətimiz kimi bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir və hələ uzun illər bundan sonra da onun ideyaları milli təkamül yolumuzun əsasını təşkil edəcəkdir”.
YAP Sədrinin müavini bildirib ki, Ulu Öndər Heydər Əliyev bir-birindən siyasi-ideoloji və sosial-iqtisadi cəhətdən tamamilə fərqli olan iki tarixi mərhələdə – istər SSRİ dönəmi, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli inkişafa xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirməklə xalqımız üçün taleyüklü uğurlara imza atmışdır. Onun sözlərinə görə, 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər respublikamızın sosial-iqtisadi yüksəlişini təmin etmiş, gələcək müstəqilliyinin əsaslarını formalaşdırmışdır: “O dönəmdə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi isə mürəkkəb tarixi mərhələdə milli şüurun güclənməsi, xalqın öz mənəvi sərvətlərini, tarixi dəyərlərini qoruyaraq yaşatması baxımından böyük əhəmiyyətə malik olmuşdur. Müdrik dövlət xadimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi mərhələdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın rifahı və firavanlığı naminə məqsədyönlü işlər görmüş, dünya siyasətinə bir azərbaycanlı kimi öz bənzərsiz imzasını atmışdır. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi də öz tarixi missiyasını davam etdirmiş, blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olmuş, SSRİ-nin saxlanılması haqqında referendumda iştirakdan imtina etməklə faktiki olaraq müstəqilliyin təməllərini yaratmış, bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağını ilk dəfə ucaltmışdır”.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev müstəqillik dövründə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi nəinki tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmış, Ümummilli Lider zirvəsinə yüksəlmişdir: “1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək vahid amal uğrunda – milli məqsədlər naminə səfərbər olması həlledici siyasi-ideoloji faktor kimi ölkəmizin gələcəyini müəyyən etmişdir. Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən – 1993-cü ilin iyun hadisələri zamanı xalqımız Ulu Öndərə ölkəmizin qurtuluşu üçün respublikaya rəhbərlik etməsi barədə çağırış etmiş, Ümummilli Lider isə həyatını belə riskə ataraq növbəti dəfə tarixi-siyasi məsuliyyəti üzərinə götürmüş və Bakıya qayıdaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Bu, Heydər Əliyevin böyük siyasətə Qayıdışı və Zəfər yolunun başlanğıcı idi”.
Tahir Budaqov vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də xalqın mütləq dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn vəzifələri ardıcıl həyata keçirməklə Azərbaycanın real müstəqilliyinə nail oldu: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etdi. Məqsədyönlü siyasət nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm addımlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi. Bir sözlə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmi – 1993-2003-cü illər Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoymasını, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılmasını şərtləndirmişdir”.
YAP Sədrinin müavini bildirib ki, Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciət edərək dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə Azərbaycanın gələcəyinə dair aydın baxışını ortaya qoymuşdu: “Xalqımız Heydər Əliyevin müdriklik və uzaqgörənliyinə sonsuz inamı bir daha nümayiş etdirərək cənab İlham Əliyevə qətiyyətli dəstək və yüksək etimad göstərməklə siyasi varisliyi təmin etdi və bununla da ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm uğurlar qazandı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir. Dövlət başçısının Sərəncamı ilə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu möhtəşəm Zəfər yoluna – tam suverenlik zirvəsinə yüksəlməsinə hərtərəfli nəzər salınması baxımından böyük əhəmiyyət daşıyır”.
“Əminliklə söyləyə bilərik ki, qarşıdakı dönəm də Azərbaycanın davamlı uğurları və milli gücünün daha da artması ilə əlamətdar olacaqdır. Şübhə yoxdur ki, Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcəkdir. Müasir müstəqil Azərbaycan bu gün anadan olmasının 102-ci ildönümü ərəfəsində əziz xatirəsini dərin hörmətlə yad etdiyimiz Ulu Öndərimizin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük mirasıdır. Heydər Əliyev irsinə sonsuz ehtiram və sədaqət nümayiş etdirməklə möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan naminə çalışmaq hər birimizin ümdə vəzifəsi – həm mənəvi, həm də siyasi borcudur. Bu şərəfli yolda hamınıza inam və əzmlə addımlamağı arzulayıram. Yaşasın Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanəti olan müstəqil və qalib Azərbaycan! Eşq olsun Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevə!”, – deyə Tahir Budaqov vurğulayıb.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr etdiyini bildirib. Onun sözlərinə görə, 1969-cu ildə Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi respublikamızın tarixində dönüş nöqtəsi oldu: “Azərbaycanda Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, mühüm iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahı xeyli yüksəlib, elm, təhsil, mədəniyyət inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox əhəmiyyətli işlər görülüb. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin siyasi iradəsi hesabına gerçəkləşib. 1969-1982-ci illərdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahəsində fundamental irəliləyiş baş verdi, Azərbaycan SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildi”.
YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, Ulu Öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə də müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Onun sözlərinə görə, Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitliyin təmin olunması, təbii sərvətlərimizdən səmərəli istifadə məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirdi: “Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi nüfuz qazandı. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımlara yol açdı. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yarandı”.
“Ulu Öndərimizin siyasi varisi – cənab İlham Əliyev onun ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan əsgəri xalqın zəfər salnaməsini yazdı. Torpaqlarımızın işğaldan azad edilməsində illərin zəhməti var. Azərbaycan dövləti, cəmiyyətimiz, ordumuz bu gücə, qüdrətə dövlət rəhbərimizin fədakar əməyi, dərin zəkası, qətiyyətli addımları sayəsində nail olub”, – deyə YAP Veteranlar Şurasının üzvü əlavə edib.
M.Mərdanov söyləyib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır: “Heç vaxt unutmamalıyıq ki, bu nailiyyətlər böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun vaxtilə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözləri bu gün gerçəkliyə çevrilib. Azərbaycan bu gün tam müstəqil, güclü dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü tam bərpa edib. Hazırda Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. İnanırıq ki, ərazi bütövlüyü və suverenliyinini tam bərpa etmiş Azərbaycan bundan sonra da böyük nailiyyətlər qazanacaq”.
Vətən müharibəsi iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri, ərazi partiya təşkilatının sədri Amil Sefiyev çıxışında bildirib ki, minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, qeyri-adi, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə də üzləşmişlər. Onun sözlərinə görə, Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili əyani şəkildə göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli bir missiyanın öhdəsindən mətin iradəli, geniş və qlobal dünyagörüşlü, ümumxalq dəstəyinə malik Ümummilli Lider Heydər Əliyev gələ bilərdi: “Heydər Əliyevin dövlət rəhbəri və lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəbdir. Onun dərin yaddaşı, iti məntiqi, mürəkkəb siyasi situasiyalarda qəti qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, analitik baxışı, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi hələ uzun müddət öyrəniləcək və bu barədə çox tədqiqatlar aparılacaq. Onun həyatı, tarixi fəaliyyəti və təcrübələri xalqımızın yalnız bu günü deyil, işıqlı sabahı üçün də perspektivlər açır və millətimizin gələcəyinə böyük nikbinlik yaradır”.
A.Sefiyev qeyd edib ki, Azərbaycan xalqı Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə daim faydalanacaq: “Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan dövlətçilik yoludur. Dahi şəxsiyyətin siyasi irsi Azərbaycan xalqının milli sərvətidir. Sevindirici haldır ki, Vətənə sevgi, xalqa və dövlətə xidmət Ulu Öndərin sədrliyi ilə yaranmış, hazırda isə onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən və ölkədə ən geniş sosial bazaya malik olan siyasi partiya – Yeni Azərbaycan Partiyasının fəaliyyətində xüsusi yer tutur”.
A.Sefiyev vurğulayıb ki, Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik, o cümlədən çağdaş hərb tarixinin ən əzəmətli hadisəsidir: “Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacaq. İndi dünya Azərbaycan Ordusunun döyüş bacarığından, ruh yüksəkliyindən danışır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Yeni Azərbaycan Partiyasının üzvləri həm döyüş meydanında, həm də arxa cəbhədə, informasiya müharibəsində ən öndə gedənlərdən oldular. Fəxr edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi mən də 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşam, cəbhənin bir çox istiqamətlərində ağır döyüş əməliyyatlarında iştirak etmişəm”.
A.Sefiyev deyib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilən siyasət hələ uzun illər müstəqil dövlətimizin daha da güclənməsinə, iqtisadi qüdrətinin artmasına, xalqımızın rifahının daha da yüksəlməsinə xidmət edəcək.
Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti yalnız Azərbaycanın dövlətçilik tarixində deyil, həm də milli irsimizdə, cəmiyyətimizin inkişafında dərin izlər buraxıb. Onun sözlərinə görə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan yalnız regionun ən güclü dövləti olaraq tanınmaqla qalmayıb, həm də dünya miqyasında öz yerini möhkəmləndirib: “Heydər Əliyevin siyasi irsi yalnız ölkəmizin inkişafına deyil, həm də Azərbaycan xalqının özünəinamının artmasına səbəb olub. Onun rəhbərliyi dövründə gənclərin inkişafı üçün atılan addımlar bu gün də öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan gəncləri Heydər Əliyev ideyalarını, vətənpərvərlik, müstəqillik prinsiplərini rəhbər tuturlar. Vətən müharibəsində şəhid olan gənclərimiz öz qanları ilə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb, bu yolda canlarını fəda ediblər. Bu gün həmin gənclərin xatirəsi bizim üçün yalnız keçmişin deyil, gələcəyin də işığıdır”.
S.Qasımova qeyd edib ki, Azərbaycanın möhtəşəm Zəfərinin təməlində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsi, qətiyyəti, dəmir yumruğu, xalqımızın sarsılmaz birliyi və rəşadətli ordumuzun misilsiz qəhrəmanlığı dayanır: “İndi Azərbaycan bayrağı Cıdır düzünün səmasında, Şuşa qalasında, Laçın qayalıqlarında, Zəngilanın meşələrində, Kəlbəcərin uca dağ zirvələrində, Xankəndi Universitetində əzəmətlə, qürurla, şərəflə dalğalanır”.
“Fəxr hissi ilə vurğulamalıyam ki, işğaldan azad olunmuş torpaqlarda yeni, ən müasir standartlara cavab verən şəhər və kəndlərin qurulmasında gənclər də fəal iştirak edirlər. Biz gənclər hər zaman Ulu Öndərin əziz xatirəsini dərin hörmətlə anırıq. Onun xatirəsi sadəcə bizim deyil, bizdən sonrakı gənc nəsillərin də yaddaşında əsrlər boyunca yaşayacaq. Ulu Öndər Heydər Əliyevin adı təkcə Azərbaycan tarixinə deyil, dünya tarixinə də əbədi həkk olunub”, – deyə YAP Gənclər Birliyinin sədr müavini vurğulayıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.