“Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib
“Mayın 7-də YAP Qəbələ rayon təşkilatı və Qəbələ rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, Qəbələ şəhər 5 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin milli təhsil sisteminin inkişafında rolunu özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov qeyd edib ki, Azərbaycanın təhsil sahəsində keçdiyi yolu təhlil edərkən onun nə qədər çətin, lakin şərəfli olduğu bir daha özünü büruzə verir. Milli təhsilimizin inkişafı, Avropa standartlarına inteqrasiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Vətən qarşısında misilsiz xidmətlərindən biri də milli təhsil sisteminin qurucusu olmasıdır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrlə yanaşı milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verir.
Çıxış edən partiya fəali Tahir Məsimov bildirib ki, Xüsusən də Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı illərdə milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət böyük tarixi şəxsiyyətin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ulu öndər hələ sovet hakimiyyəti dövründə də milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişafında çox cəsarətli, qətiyyətli tədbirlər həyata keçirib. Partiya fəalı Ayşən Baxışova çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan təhsili, yetişdirilmiş ixtisaslı milli kadrlar və inkişaf etmiş elm gələcək müstəqillik üçün bir təməl rolu oynayırdı. Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti, qayğısı nəticəsində müxtəlif sahələr üzrə neçə-neçə gənc yüksək səviyyəli mütəxəssis kimi hazırlanmış, Azərbaycanda sosial-iqtisadi və siyasi idarəetmə sahələrində milli kadr potensialı formalaşmışdır.
Partiya fəalı Koçari Lianna çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən milli təhsilimizə olan qayğının davamı olaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bu gün respublikamızın müxtəlif rayonlarında 200-dən artıq məktəbin inşa edilməsi və ən müasir avadanlıqlarla təchiz olunması məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir. Tədbirin gedişində şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səslənmişdir. Sonda Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində fəal iştiraklarına görə bir qrup təhsil işçisi Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif edilmiş, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.