Sosial

Azadlığın İllüziyası – Rəqəmsal Panoptikon Çağı


“Hər şeyin göründüyü, heç kimin gizlənə bilmədiyi bir dünya düşün”.

İnsan öz azadlığını necə və nə zaman itirdiyini hiss etməz çox vaxt. Xüsusilə də bu itki ona bər-bəzəkli təqdim olunursa, azadlıq yoxluğu belə zövqlə yaşanır. Biz indi elə bir dövrdəyik: ekranlardan boylanan nəzarət qüllələri, telefonlarımızın içində yerləşən gözlər və könüllü şəffaflıq illuziyası. Bu yeni dünya Panoptikonun özüdür, özü də rəngli, cazibədar, aldadıcı bir şəkildə. Və biz bu dünya içində görünmədiyimizi sandığımız halda, daim izlənildiyimizi bilən könüllü məhbuslarıq.

Panoptikon nə idi, nə oldu?

18-ci əsrdə Jeremy Bentham tərəfindən irəli sürülmüş Panoptikon modeli ilkin olaraq həbsxana strukturu kimi düşünülmüşdü. Dairəvi quruluş, ortada bir nəzarət qülləsi və bu qüllədən görünə bilən məhbus hücrələri. Ən mühüm xüsusiyyət: məhbuslar hər zaman izlənildiklərini bilərlər, amma nə zaman izlənildiklərini bilməzlər. Bu da onları daim “düzgün” davranmağa məcbur edir. Michel Foucault bu modeli cəmiyyətə tətbiq etdi və dedi: “Panoptikon yalnız bir memarlıq dizaynı deyil, hakimiyyətin ruhudur”. Bu fikir zamanla daha da gerçək oldu. Bugün artıq divarlar yoxdur, lakin kameralar var. Qüllə yoxdur, amma “sistem” var. Biz indi bir-birimizin nəzarətçisinə çevrilmişik.

Ekranlar: Yeni Nəzarət Qüllələri

Günümüzdə Panoptikonun qülləsi mobil telefondur, sosial mediadır, süni intellekt və algoritmlərdir. Facebook-da paylaşılan şəkil, Instagram-da baxılan hekayə, TikTok-da saxlanan video – hamısı qeydə alınır, saxlanılır, analiz edilir. İzlənildiyimizi bilirik amma kimin izlədiyini bilmirik. Əsl Panoptikon budur.

Görünməyən kameraların ortasında, öz realitimizi bir teatr kimi təqdim edirik. Geyimimizi, düşüncəmizi, hissimizi – hər şeyi filtrlərdən keçirib sosial mediada sərgiləyirik. Və düşünürük ki, bu bizim seçimimizdir. Halbuki seçimlərimiz çoxdan proqramlaşdırılıb.

“Like” üçün yaşayan cəmiyyət: Nəzarətin yeni adı “bəyənilmək”dir

Bu gün insanlar artıq fiziki zindanda deyil, bəyənilmə və görünmə zindanında yaşayır. Hər “like”, hər “görüntü sayı”, hər “reaksiya” – bir azadlıq hissi yaradır, amma əslində daha çox nəzarəti daşıyır. Biz öz zindanımızı özümüz tikirik. Elə bəzəyirik ki, orada olmaq bizə azadlıq kimi gəlir.

Algoritmlər bizə nəyi bəyənəcəyimizi deyir. Hansı xəbəri oxuyacağımızı, hansı musiqiyə qulaq asacağımızı, hətta kiminlə dost olacağımızı belə o seçir. Biz isə özümüzü “azad” zənn edirik.

Yeni Panoptikonun sərhədləri: Özəl həyat varmı?

Bəs “özəl həyat” haradadır? Heç yerdə. Çünki hər kəs “hekayə” paylaşıb öz həyatını nümayiş etdirdikcə, bu sərhəd daha da silinir. “Həyatımı kim izləyir?” sualı artıq təhlükəli deyil. Çünki cavab budur: Hamı. Hər kəs hər kəsin nəzarətçisinə çevrilib. Öz istəyi ilə, sevinə-sevinə.

Foucault bir zamanlar yazırdı:

“İnsanları fiziki cəza ilə deyil, daim izlənildikləri hissi ilə idarə etmək daha effektivdir”.

Və bu gün biz izlənilmə hissini normallaşdırmışıq. Gecə-gündüz, evdə və çöldə, şəxsi anlarımızda belə.

Fərqində olmaq – azadlığın ilk qapısıdır

Bəs bu vəziyyətdən çıxış varmı?Hər yeni tətbiq bizdən nə istəyir? Sadəcə məlumatmı? Yoxsa şəxsiyyətimizin kodlarını?

Əgər bu sualları verməyə başlayırıqsa, deməli artıq oyandıq. Çünki bu yeni Panoptikonun ən təhlükəli tərəfi – onu hiss etməməkdir.

Nəticə: İzlənildiyini bildiyin halda azad olmaq mümkündürmü?

Əgər insan texnologiyanın alətinə çevrilməkdən imtina edərsə, azad seçimlərini qoruya bilər. Əgər təqdim edilən həyat tərzini sorğulayırıqsa, artıq azadlığa bir addım yaxınıq. Panoptikon artıq bir bina deyil. O, telefonun içindədir, sosial medianın içindədir, bəlkə də bizə baxan ekrandadır.

Azadlıq görünməməkdə deyil – izlənildiyini bilib yenə də özün olaraq qalmaqdadır.

Nigar Şahverdiyeva