“Bizim həyət” layihəsi çərçivəsində Şirvanda növbəti abadlıq işləri…
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində növbəti abadlıq işləri görülüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yenilənmiş həyətlər Şirvan şəhərində Heydər Əliyev prospekti və H.Z.Tağıyev küçəsi 1A, 2A ünvanlarında 700 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.
Abadlaşdırılan həyətlərdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və sistematik idmanla məşğulolmanın stimullaşdırılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Ümumi sahəsi 1.1 hektar olan hər iki ünvanda 6 söhbətgah, 2 turnik kompleksi, 6 uşaq oyun kompleksi, 2 ikili balans, 10 fitnes idman qurğusu, 12 oturacaq, 12 tullantılar üçün qutu, eləcə də quş yuvaları və pişik evləri quraşdırılıb.
Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq zeytun və sərv ağacları, 9200 dekorativ gül kolları və 200 ədəd həmişəyaşıl ivenus və oleandr kolları əkilib.
Açılış vaxtı IDEA könüllüləri tərəfindən hər iki ünvanda 220-ə qədər şam ağacı və 100 ədəd həmişəyaşıl ivenus gül kolu əkilib.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində 2020-2025-ci illərdə ümumilikdə 7.8 hektar ərazidə 7 həyət abadlaşdırılaraq şəhər sakinlərinin istifadəsinə verilib.
“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, eləcə də sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.