Siyasət

“Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi”


“Ölkə ictimaiyyət bu günlərdə Vətən və xalq qarşısında misilsiz xidmətlərə imza atmış Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Ümummilli Liderin titanik siyasi fəaliyyəti növbəti inkişaf mərhələri üçün bir örnək olaraq Azərbaycanın çağdaş tarixində silinməz izlər buraxıb: “O, bütün həyatı boyu ölkəmizin inkişafı və xalqımızın firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ulu öndərin baxışlarında dövlətin və xalqın taleyi ilə bağlı bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub. Lakin dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlət quruculuğu prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz onun fəaliyyəti dövründə qoyulub. Belə ki, xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Respublikamıza rəhbərliyinin hər iki dönəmində Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir”.

Deputat qeyd edib ki, Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir: “Dövlət müstəqilliyimizin bərpasının ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, birinci Qarabağ müharibəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş qarşıdurmasının reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.

Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında Ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda müasir demokratik hüquqi dövlətin əsaslarını yaratmağa müvəffəq oldu. Bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyası da 1995-ci ildə məhz onun təşəbbüsü, əzmi, siyasi iradəsi və birbaşa nəzarəti sayəsində müasir çağırışlara cavab verən və xalqın iradəsini tam şəkildə əks etdirəm mükəmməl şəkildə hazırlanmış Ali sənəd olaraq ərsəyə gəlmişdir.

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı”.