İqtisadiyyat

Qızılın qiyməti rekord hədlərə yaxınlaşır


“Son günlər ərzində qlobal əmtəə bazarlarında qızılın qiymətində ardıcıl artım tendensiyası müşahidə olunur. Bu artım, xüsusilə dünyadakı geosiyasi qeyri-müəyyənliklər, dünya iqtisadiyyatında tənəzzül təhlükəsi və mərkəzi bankların qızıl ehtiyatlarına tələbinin rekord həcmdə artması ilə izah olunur”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib.

Onun sözlərinə görə, hazırda London Əmtəə Birjasında (LBMA) qızılın bir unsiyasının qiyməti 3,380–3,400 ABŞ dolları aralığında dəyişir ki, bu da tarixi maksimuma yaxın səviyyə hesab olunur: “Bu göstəricilər fonunda müxtəlif əyar dərəcələrinə malik qızıl məmulatlarının qramla satış qiymətləri təxmini olaraq aşağıdakı kimidir:

• 999.9 əyarlı qızılın 1 qramı təxminən 109 ABŞ dolları və ya 185 manat,

• 750 əyarlı qızılın 1 qramı 82 ABŞ dolları və ya 139 manat,

• 585 əyarlı qızılın 1 qramı isə 64 ABŞ dolları və ya 108 manat civarındadır.

Ümumilikdə, qızılın qiymətində müşahidə olunan artım tendensiyasının yaxın gələcəkdə də davam edəcəyi proqnozlaşdırılır. Bu isə həm investorların risklərdən sığortalanma məqsədilə investisiya aləti kimi qızıla olan yüksək tələbatından, həm də geosiyasi və makroiqtisadi amillərin təsirindən qaynaqlanır. Belə şəraitdə qızıl yalnız zinət əşyası deyil, həm də dayanıqlı investisiya aləti kimi aktuallığını qoruyur”.

R. Əmircanov qeyd edir ki, qızılın qiymət dinamikasına təsir edən əsas faktorlar sırasında qlobal inflyasiya, ticarət münasibətlərindəki gərginliklər, geosiyasi risklər və mərkəzi bankların qızıl ehtiyatlarına tələbinin rekord həcmdə artması xüsusi yer tutur: “Bu amillər qızılın həm təhlükəsiz investisiya vasitəsi, həm də strateji ehtiyat kimi əhəmiyyətini artırır. Bütün bu faktorlar qızılı təkcə zinət əşyası deyil, eyni zamanda strateji ehtiyat və investisiya aləti kimi aktuallaşdırır. Hazırkı geosiyasi qeyri-müəyyənlik fonunda qızılın bir unsiyasının 3,500 ABŞ dolları həddini keçəcəyi ilə bağlı proqnozlar mövcuddur. Bu isə investorların diqqətini etibarlı investisiya aləti kimi daha çox bu metala yönəldir.

Dünya bazarında qızılın bahalaşması Azərbaycana necə təsir göstərir?

Azərbaycanın qiymətli metallar bazarında da qlobal qiymət tendensiyaları öz əksini tapmaqdadır. Xüsusilə son aylarda yerli bazarda qızıl məmulatlarının satış qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Bu bahalaşma dünya birjalarındakı dinamikanın təsiri ilə yanaşı, daxildə tələbin artması və idxal olunan məhsulların maya dəyərinin yüksəlməsi ilə də bağlıdır.

Ən çox təsir isə pərakəndə satış seqmentində hiss olunur. Bu seqmentdəki qiymət dəyişiklikləri həm qızılın beynəlxalq birjalardakı qiyməti üzrə dalğalanmalarla, həm də yerli iqtisadi və ticarət şərtlərinin dəyişməsi ilə birbaşa əlaqəlidir. Xüsusilə xarici valyuta kurslarındakı dəyişikliklər, nəqliyyat və logistika xərclərinin artması, satış qiymətlərinə birbaşa təsir göstərir.

Beləliklə, qızılın qiymətindəki artım təkcə qlobal təsirlərlə deyil, həm də regional və lokal faktorlarla formalaşır. Mövcud geosiyasi risklər və iqtisadi qeyri-sabitlik fonunda Azərbaycanda da qızıl təkcə zinət əşyası deyil, həm də etibarlı sərvət və strateji investisiya vasitəsi kimi əhəmiyyətini artırır.

Azərbaycanda isə bu proses sadəcə qiymət artımı ilə məhdudlaşmır – bazarda struktur dəyişiklikləri, ticarət strategiyalarının yenilənməsi və istehlakçı davranışlarında adaptasiya meyilləri də müşahidə olunur.