Siyasət

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir


Tarixi proseslərin gedişatı göstərir ki, hər bir millətin və dövlətin ən çətin anlarında və taleyüklü məqamlarında onu doğru yola aparan, sözün əsil və məcazi mənasında döyüş meydanında qələbəyə səslənən rəhbərə, şəxsiyyətə və liderə ehtiyac yaranır. Belə ki, tarixi şəxsiyyətlər də xüsusi missiyanın daşıyıcısı olaraq xalqın, millətin digər nümayəndələrindən fərqlənərək, xalqın arasından çıxaraq kütlənin önündə bayraqdar olmaq missiyası ilə doğulur, bu missiyanın da daşıyıcısı olaraq həyatını şəxsi maraqlara deyil, ümummilli maraqlara həsr və fəda edirlər. Bu tarixi missiya müstəqil və müasir Azərbaycan dövlətini yenidən inşa edən, onun adının dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur dayanmasının təmin edən, öz uzaqgörən və çevik siyasəti ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, mənsubu olduğu xalqının hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə məxsusdur. Zamanında alınan qərarların bugünkü nəticəsi illər ötdükcə bizə ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə sonsuz bir məhəbbətlə sevdiyini daha çox dərindən dərk etməyə imkan verir. Çünki bir tərəfdən bu siyasət nəhənginin fəaliyyəti sadəcə Azərbaycanın deyil, bütövlükdə insanlığın, humanizmin, bəşəri dəyərlərin təmin olunmasına, daha da möhkəmləndirilməsinə həsr olunmuşdursa digər tərəfdən də Azərbaycanın bugünkü mövcud durumunu, qalib dövlət və qəhrəman xalq obrazını sığortalamışdı.

İstər sovet dönəmi, istərsə də müstəqillik illərində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən yüksək inkişaf ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik siyasəti ilə gerçəkləşib. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən ağır və mürəkkəb sınaqlarına mətinliklə sinə gərərək, bugünkü müstəqil Azərbaycanı qurub, respublikamızın gələcək tərəqqisi üçün möhkəm təməl yaradıb. Dahi şəxsiyyət zəngin mədəniyyəti, şərəfli tarixi keçmişi ilə həmişə qürur duyduğu, fərəh hissi keçirdiyi doğma Azərbaycanı bir dövlət kimi dövrün ən sərt sınaqlarından uğurla çıxararaq, xalqımıza əmanət edib.1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Belə bir çətin məqamda xalq bütün ümidlərini Heydər Əliyevə bağladı və məhz onun hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsinin, qardaş qırğının qarşısı alındı. Heydər Əliyevin bütün xalqı vahid amal-birlik ətrafında birləşdirməsi ilə Azərbaycan məhv olmağın astanasından döndü.

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. Və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur.

Ümummilli lider Heydər Əliyev xalqa müraciətində deyirdi: “Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu günün reallığı Heydər Əliyevin siyasi uzaqgörənliyinin bu məsələyə də öz möhürünü vurduğunu sübut edirsə, digər tərəfdən də Azərbaycan xalqının da seçimində yanılmadığını təsdiq edir. Ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və quruculuq işləri, həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr torpaqlarımızın işğaldan azad olmasının səbəbidir. Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü qorumağı bacarır və 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Azərbaycan xalqına Qarabağ Zəfərini yaşadan, onu dünya xalqları arasında şərəfli, qürurlu və ləyaqətli xalq kimi tanıdan Müzəffər Ali Baş Komandan İlham Əliyevə bütün xalq sonsuz güvənir, inanır və məhz onun rəhbərliyi altında Azərbaycanın daha xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyir. Bu mirası bizə qoyub gedən ulu öndər Heydər Əliyevin uca xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur. Heydər Əliyev dövrü Azərbaycanın inkişaf, sabitlik, tərəqqi, müstəqillik mərhələsi, dövlət müstəqilliyinin təməllərinin çox ciddi və möhkəm əsaslarda qoyulduğu dövrdür. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Çünki illər keçdikcə Ümummilli Liderimizin gördüyü işlərin böyüklüyü, möhtəşəmliyi daha aydın görünür, daha yaxşı dərk edilir.

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri