Heydər Əliyev hər daim qəlbimizdə yaşayacaq!
Heydər Əliyev insanlara qayğını dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edirdi. Onun rəhbərliyi dövründə sosial təminat sistemi təkmilləşdirildi, təhsil, səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət yetirildi. Müharibədən əziyyət çəkən insanlara, qaçqın və məcburi köçkünlərə yardım məqsədilə xüsusi dövlət proqramları həyata keçirildi. Gənclərin inkişafı və yaşlı nəslə hörmət Heydər Əliyevin sosial siyasətində mühüm yer tuturdu. Bəs vətəndaşlarımız Heydər Əliyevi necə xatırlayırlar? SİA bu barədə vətəndaşlar arasında sorğu keçirib.
LDU-nun müəllimi, dosent Emin Məlikov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir. 1993-cü illərdə ölkədə baş vermiş iqtisadi, siyasi xaosun aradan qaldırılması istiqamətində mühüm rol oynadı. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdəki rəhbərliyi zamanı bir çox problemlər bəlli idi. Çünki onun dövründə SSRİ məkanında Azərbaycan həm kənd təsərrüfatı sahəsində, həm də sənaye sahəsində birinci yerə çıxdı. Xalq 1993-cü ildəki baş vermiş proseslərdə və xaosun aradan qaldırılmasında çıxış yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər və iyun ayının 15-də onun Azərbaycan Milli Məclisinə sədr seçildiyi gündən Liderimiz dəfələrlə çıxışlarında qeyd etmişdi ki, “Bundan qalan bütün ömrümü Azərbaycan xalqına həsr edəcəm”. Bu elədə oldu və o ilk növbədə siyasi sabitlik yaratdı.
Siyasi sabitlik ümumiyyətlə önəmli bir məsələdir. Ölkənin inkişafı istiqamətində xaosu aradan qaldırdı və Azərbaycan açıq qapı elan edildi. 1994-cü ildə sentyabrın 20-də “Əsrin müqavilə”sinin imzalanması ilə ölkədə iqtisadi inkişafın və iqtisadi dirçəliş dinamikasının əsası qoyuldu. Onun torpaq islahatı, iqtisadi sahədəki islahatlar qısa zaman müddətində Azərbaycanın sosial-iqtisadi inkişafını yüksəltdi”.
Fizika müəllimi Tamam Tağıyeva: “Heydər Əliyev ölkəmizin tarixində çox böyük və qürurverici şəxsiyyət kimi yadda qalmışdır. O, yalnız siyasi lider kimi deyil, həm də müdrik dövlət xadimi və uzaqgörən strateg kimi xalqın qəlbində xüsusi yer tutmuşdur. Ömrümüz boyu Ümummilli Lider Heydər Əliyevin dediyi dəyərli kəlamlar, tövsiyələr və prinsiplər bizim üçün bir yol xəritəsi olmuş, həyatın müxtəlif sahələrində fəaliyyətimizə istiqamət vermişdir. Ümumiyyətlə, Heydər Əliyev çoxşaxəli və əhatəli fəaliyyət göstərmişdir. Onun fəaliyyəti təkcə bir sahə ilə məhdudlaşmamış, ölkənin siyasi, iqtisadi, sosial, mədəni və elmi inkişafı üçün genişmiqyaslı islahatlar həyata keçirmişdir. O, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm vermiş, Azərbaycan gəncliyinin savadlı, vətənpərvər və bacarıqlı yetişməsi üçün mühüm addımlar atmışdır.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə sabitliyin bərqərar olunması, iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm yeniliklərə imza atmışdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlaya bilmiş, inkişaf yoluna çıxmış və regionda söz sahibi olan dövlətə çevrilmişdir”.
Fəlsəfə doktoru Nazim Məmmədov: ” Heydər Əliyev tarixi bir şəxsiyyətdir. Bu danılmaz bir faktdır və həqiqətdir. Hələ keçmiş sovetlər dönəmində Heydər Əliyevin ürəyi həmişə Azərbaycanla döyünürdü. Hətta keçmiş sovetlər dönəmində böyük təzyiqlər var idi, amma bütün təzyiqlərə rəğmən həmişə Azərbaycanın iqtisadiyyatını, xalqının toxunulmazlığını və təhlükəsizliyini, iqtisadi inkişafa nail olmaq üçün əlindən gələni edirdi. Azərbaycan xalqı hələ sovetlər birliyində Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul edirdilər. Azərbaycan xalqı həmçinin əmin idi ki, Heydər Əliyev nə vaxtsa hakimiyyətə gəlib, ölkəsini dünya miqyasında tanıtdıracaq.
1991-ci ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra burda da ona qarşı mühüm təzyiqlər yarandı. Onlar deyə bilərəm ki ermənipərəst qüvvələrlə əlbir olan tərəflər idi. Amma buna baxmayaraq xalq öz seçimini etdi. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə qarşı əks mövqedə olan insanların müvəqqəti olduğunu bilirdilər. Yəni dırnaq arası siyasətçilərin nə dövlətə, nə də Azərbaycan xalqına xeyiri vardı”.
Şəhər sakini Əli İbrahimov: “İlk növbədə, Ümummilli Lider Heydər Əliyevə Allah rəhmət eləsin. Onun xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının fəxridir. Onun dövlətçilik sahəsindəki xidmətləri misilsizdir. Azərbaycan dövlətinin bünövrəsini məhz Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Ölkənin ən çətin dövrlərində xalqın iradəsinə arxalanaraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, sabitlik yaratdı, iqtisadiyyatın əsaslarını möhkəmləndirdi. Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bu gün müstəqil Azərbaycanın təməli möhkəm şəkildə atılıb.
Bu günə qədər Azərbaycana Heydər Əliyev kimi qürurverici, xalqın mənafeyini hər şeydən üstün tutan, xalqına dayaq olan ikinci bir lider gəlməyib. O, Azərbaycan xalqının yaddaşında həm müdrik siyasətçi, həm də xalqının gələcəyini düşünən vətəndaş kimi qalıb. Prezident İlham Əliyev isə onun layiqli davamçısıdır. O, atasının siyasi kursunu uğurla davam etdirir, ölkəmizi inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq üçün mühüm addımlar atır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm regional, həm də beynəlxalq arenada mühüm mövqe qazanıb.”
Şəhər sakini Xanlar Abullayev: “Heydər Əliyev barəsində qısa danışmaq mümkün deyil. O, Azərbaycanın müasir tarixində elə bir iz qoyub ki, onun həyatı və fəaliyyəti haqqında təkcə bir neçə cümlə ilə danışmaq ədalətsizlik olar. Onun haqqında çoxcildlik kitablar yazılmalı, gələcək nəsillərə çatdırılmalıdır. Heydər Əliyev xalqını zamanın ağır sınaqlarından uğurla çıxarmış, Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmiş, ölkəmizi beynəlxalq aləmdə tanıtmış müdrik və uzaqgörən bir lider idi.
Biz fəxr edirik ki, belə böyük şəxsiyyətə malik olmuşuq. Bu gün də onun siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyev ölkəmizi daha da gücləndirir, inkişaf etdirir. Prezidentimizin qətiyyətli siyasəti, xalqla birliyi, beynəlxalq aləmdəki nüfuzu bizi sevindirir və qürurlandırır. Ona görə də, biz həm ulu öndər Heydər Əliyevlə, həm də onun layiqli davamçısı Prezident İlham Əliyevlə fəxr edirik.”
Şəhər sakini Firuzə Nəsibova: “Ulu Öndərimiz Heydər Əliyevə Allah rəhmət eləsin. Ad günü mübarək olsun. Onun uzaqgörən siyasəti və xalqına olan sevgisi sayəsində biz bu günə qədər gəlmişik. Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və xalqımızın rifahını təmin etmək üçün göstərdiyi səyləri heç vaxt unutmuruq. Heydər Əliyev təkcə bir siyasətçi deyil, həm də müdrik bir rəhbər, xalqını düşünən böyük bir şəxsiyyət idi. Mən onu hər zaman yüksək qiymətləndirmişəm və onun ölkəmiz üçün gördüyü işlərə dərin hörmətlə yanaşıram. Bugünkü sabitlik, inkişaf və sülh mühitinin təməlini məhz o qoyub.
Eyni zamanda, torpaqlarımızın işğaldan azad olunmasında da onun yaratdığı möhkəm dövlətçilik təməllərinin və ordunun əsaslarının mühüm rolu olub. Biz bu gün əgər xoşbəxtiksə, azad və güclü bir ölkədə yaşayırıqsa, bunun böyük bir qismini məhz Ulu Öndər Heydər Əliyevin xidmətlərinə borcluyuq. İnşallah, gələcək nəsillər də onun qoyduğu irsə sahib çıxacaq və ölkəmizi daha da irəli aparacaqlar.”
Şəhər sakini Lalə Məmmədova: ” Ümummilli Lider Heydər Əliyev haqqında onu deyə bilərəm ki, Azərbaycanın 1960-cı illərin sonundan başlayaraq 21-ci əsrə atlayan 35 illik tarixi dövrü Ulu Öndərimizin adı ilə bağlıdır.
Heydər Əliyev xalqımızı ən ağır sınaqlardan çıxarmış, bu xalqın və dövlətin ən ağır sınaqlarını, günlərini öz çiynində daşımış dahi şəxsiyyətdir. Müasir Azərbaycanın adı bu gün Heydər Əliyevin adı ilə səslənir. Bizim bütün siyasi, iqtisadi uğurlarımız, həmçinin hərbi uğurlarımız cənab Prezidentimizin və Ulu Öndərin adı ilə bağlıdır.
Sabah da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Ölkənin bütün regionlarında və yerlərində kütləvi tədbirlər həyata keçirilir. Ulu Öndərimizin xatirəsi böyük ehtiramla və hörmətlə yad edilir. Ulu Öndər Heydər Əliyevin adına və fəaliyyətinə minnətdarıq. Yaşasın müstəqil Azərbaycan!”.
Şəhər sakini Nəzakət Feyzullayeva: “Sabah Ümummilli Liderimiz Heydər Əliyevin doğum günüdür. Bu tarixi gün hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının böyük siyasi xadimi, uzaqgörən lideri idi. O, öz müdrik siyasəti, dərin zəkası və xalqına sonsuz sevgisi ilə Azərbaycanın müstəqilliyini qoruyub saxladı və dövlətçiliyimizin möhkəm təməlini qoydu. Allah ona rəhmət etsin, ruhu şad olsun. Heydər Əliyev Azərbaycan dövlətinin memarı, müstəqilliyimizin təminatçısı olmuşdur. Onun rəhbərliyi dövründə ölkəmiz iqtisadi, sosial və siyasi sahələrdə böyük nailiyyətlər əldə etdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində bu gün biz müasir, güclü və sabit Azərbaycan dövlətində yaşayırıq.
Allah Ulu Öndərə rəhmət etsin, İlham Əliyevə uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar versin. Onların hər ikisi xalqımızın qəlbində əbədi yaşayacaq!”