Sosial

“Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib


Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında dahi rəhbərin abidəsini ziyarət ediblər. Sonra qonaqlar gənc rəssamların rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq deyib ki, Ümummilli Liderin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanı tənəzzüldən xilas edərək çıxardığı tərəqqi yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.

Sonra çıxış edən deputatlar Məlahət İbrahimqızı, Kamaləddin Qafarov və Səbinə Xasayeva Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə böyük uğurlara imza atmasından söhbət açıblar. Həmçinin Ulu Öndərin Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs ediblər. Eyni zamanda, Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulacağını vurğulayıblar.

Növbəti çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli qeyd edib ki, Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzolunmazdır. Ulu Öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas etdi. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ümummilli Lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Daha sonra tədbirin bədii hissəsində Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilər səslənib.