İraqda Ümummilli Liderə həsr olunmuş dəyirmi masa təşkil edilib
Mayın 10-da Azərbaycanın İraqdakı səfirliyində bu ölkənin aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, səfirlikdən bildirilib ki, tədbirdə müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işlərə dair tədbir iştirakçılarına ətraflı məlumat verib.
Aparıcı beyin mərkəzlərinin rəhbər şəxslərinin iştirakı ilə təşkil edilmiş dəyirmi masada Elnur Məmmədzadə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz xidmətləri, ölkəmizin xarici siyasəti, COP29 sədrliyi, Azərbaycanın regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və İraqla əməkdaşlığının gələcək inkişaf perspektivləri ilə bağlı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Dəyirmi masada Azərbaycan-Ermənistan sülh gündəliyi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə iştirakçılara ətraflı məlumat verilib.