İqtisadiyyat

Neft ixracında keçən il ilə müqayisədə azalma müşahidə olunur


“Azərbaycanda neft ixracı istiqamətində nəinki artım baş vermiş, əksinə azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə təxminən 23 milyon ton həcmində neft ixrac edilmişdir. Bu da özündən əvvəlki il ilə müqayisədə təxminən 9 faizlik azalma deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, neftdən gələn vəsaitdə 11 faiz azalma olmuşdur: “Eyni zamanda daxil olan vəsait istiqamətində 2024-cü ildə 2023-cü il ilə müqayisədə azalma müşahidə olunur.

Son dövrlər ixracımızda birinci yerdə olan İtaliya ölkəsidir. Belə ki, neftimizin yarıya qədəri, daha dəqiq desək 46 faizdən bir qədər artıq məhz İtaliyaya ixrac olunur. Digər neft ixrac etdiyimiz ölkələr arasında Türkiyə, Çexiya, Xorvatiya ölkələri yer alır.

Neft ixracında azalma olmasının səbəbi isə neft hasilatının azalmasıdır. Neft hasilatının azalması isə Azərbaycanın neft ehtiyatlarının azalmasından irəli gəlir. Çünki bir neft quyusu əbədi deyildir, neft təbii ki tükənən enerjidir”.