Sosial

Ulu Öndərin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri təşkil edilib


Mayın 10-da “İMZA” İctimai Birliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş xeyriyyə tədbiri keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə “İMZA” İctimai Birliyinin fəaliyyətinə dair məlumat verilib. Bildirilib ki, Birlik ölkə daxilində və xaricində çoxsaylı layihələr həyata keçirib, müxtəlif mövzularda üç beynəlxalq konfrans təşkil olunub.

Tədbirdə çıxış edən “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətin təməlində məhz dahi rəhbərin müəyyən etdiyi strateji kurs dayanır.

O vurğulayıb ki, “İMZA” İctimai Birliyinin də fəaliyyəti Ulu Öndərin ideyalarına əsaslanır, gənclərin və ictimaiyyətin rifahı naminə həyata keçirtdiyi layihələrlə bu dəyərlərin təbliğinə xidmət edir.

“İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərbaycan xalqının öz liderinə – Heydər Əliyevə verdiyi yüksək dəyərdən bəhs edib. O, dahi rəhbərin müstəqil Azərbaycanın banisi olduğunu, Prezident İlham Əliyevin isə bu möhkəm təməllər üzərində ölkəni daha da gücləndirdiyini diqqətə çatdırıb. Hulusi Kılıç çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərindən və bu Qələbənin Türk dünyası üçün əhəmiyyətindən danışıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi və ideoloji həyatında oynadığı rolun əhəmiyyətini vurğulayan akademik Nizami Cəfərov bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi kimi müstəqil dövlətimizin möhkəmlənməsində əvəzsiz işlər görüb. Prezident İlham Əliyev isə bu siyasəti müasir çağırışlara uyğun şəkildə davam etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.